"Tasnim" xəbər agentliyinin məlumatına görə, ABŞ hərbi gəmisinin İran bayrağı altında üzən yük gəmisinə atəş açaraq onu ələ keçirməsindən sonra, İran qüvvələri Amerika gəmilərinə qarşı pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib.
Yerli mediada yer alan xəbərlərə görə, İran qüvvələri aprelin 19-da ABŞ qüvvələrinin İran gəmilərindən birinə atəş açaraq müdaxilə etməsinə cavab olaraq, bir neçə Amerika gəmisinə PUA hücumları təşkil edib.
Yarırəsmi "Tasnim" xəbər agentliyi ABŞ qüvvələrinin Oman körfəzində TOUSKA adlı yük gəmisini ələ keçirməsindən sonra İran PUA-larının Amerika gəmilərinə atəş açdığını bildirib, lakin hədəflərin hərbi, yoxsa ticari olduğu qeyd edilməyib.
İran daha əvvəl ABŞ qüvvələrinin gəmini ələ keçirdiyini təsdiqləmiş və bu vəziyyətin 7 apreldə Pakistanın vasitəçiliyi ilə elan edilən və böyük miqyasda qorunan iki həftəlik atəşkəsin pozulması olduğunu bildirərək "yaxında" qisas alacağını bəyan etmişdi.
Digər bir yarırəsmi xəbər agentliyi olan "Fars" Agentliyi, "Xatəmül-Ənbiya" Mərkəzi Qərargahının ABŞ qüvvələrinin gəmini hədəf aldığını, naviqasiya sistemini sıradan çıxardığını və hadisəni atəşkəs pozuntusu kimi qiymətləndirdikdən sonra gəmiyə daxil olduqlarını xəbər verib.
Gəmi izləmə məlumatları TOUSKA yük gəmisinin 12 apreldə Malayziyanın Port-Klanq limanından ayrıldığını göstərir.
İranın hərbi sözçüsü İbrahim Zülfiqari ABŞ qüvvələrinin gəmiyə girməzdən əvvəl atəş açdığını ifadə edib.
Hadisə ilk olaraq bazar günü ABŞ Prezidenti Donald Tramp tərəfindən elan edilib, daha sonra isə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən təsdiqlənib.
CENTCOM bildirib ki, "USS Spruance" gəmisi Oman körfəzindəki ABŞ dəniz blokadasını yarmağa çalışan İran bayraqlı yük gəmisini saxlayıb.
Komandanlığın məlumatına görə, dəniz piyadaları gəmini ABŞ-nin nəzarəti altında saxlamağa davam edir. Qurum açıqlamasında gəminin İranın Bəndər-Abbas limanına getdiyini qeyd edib.
CENTCOM, həmçinin "X" platformasında bir ABŞ hərbi gəmisinin atəş açmazdan əvvəl yük gəmisinə xəbərdarlıq etdiyini əks etdirən video görüntülər paylaşıb.
Zülfiqari "Təcavüzkar Birləşmiş Ştatlar atəşkəsi pozaraq və dəniz quldurluğuna yol verərək, naviqasiya sistemini sıradan çıxardıqdan sonra İran gəmilərindən birinə hücum etdi" deyə bildirib və əlavə edib ki, ABŞ qüvvələri gəmiyə "bir qrup terrorçu dənizçi" yerləşdirdikdən sonra daxil olublar.
Zülfiqari həmçinin, "İran hərbi qüvvələrinin ABŞ ordusunun bu silahlı quldurluq fəaliyyətinə qısa müddət ərzində cavab verəcəyi və qisas alacağı barədə xəbərdarlıq edirik" ifadələrini işlədib.











