ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyi hantavirusun yoluxduğu sərnişin gəmisindən ölkəsinə geri göndərilən 17 ABŞ vətəndaşından birinin virus testinin müsbət çıxdığını açıqlayıb..
Nazirlik mayın 10-da verdiyi bəyanatda bildirib ki, bir sərnişində yüngül simptomlar müşahidə olunur, digər bir sərnişinin isə PCR testində Andes virusu aşağı səviyyədə müsbət çıxdı.
Bəyanatda hər iki sərnişinin də “hədsiz ehtiyat tədbiri məqsədilə” özlərini ölkələrinə daşıyan təyyarənin bioloji mühafizə bölmələrində səyahət etdiyi bildirilib.
Gəminin dayandığı İspaniyanın Kanar adalarından təxliyə edilən amerikalı sərnişinlər Nebraska ştatındakı xüsusi mərkəzə aparılacaq. Yüngül simptomları olan şəxs isə başqa bir mərkəzə yerləşdiriləcək.
Çatdıqdan sonra bu şəxslərin klinik qiymətləndirmədən keçəcəyi və vəziyyətlərinə uyğun qayğı və dəstək alacağı qeyd edildi.
“MV Hondius” gəmisinin üç sərnişini həyatını itirmiş, çox sayda insan isə adətən gəmiricilər arasında yayılan bu nadir xəstəliyə yoluxmuşdu.
Hantavirus adətən yoluxmuş gəmiricilər vasitəsilə keçir, lakin bu epidemiyaya səbəb olan növ insanlar arasında da yayıla bilir.
Daha əvvəl “MV Hondius” sərnişin gəmisindən təxliyə edilən bir fransız sərnişin ölkəsinə qayıdan təyyarədə hantavirus əlamətləri göstərmişdi.
İspan rəsmiləri yoluxmuş gəmiricilərin sahilə çata biləcəyi ilə bağlı narahatlıqları rədd edərək, And dağlarındakı bir gəmiricinin sahilə üzərək çatma ehtimalının “sıfır” olduğunu vurğulayıb.






