DÜNYA
1 dəqiqə oxuma
Böyük Britaniya Yaxın Şərqdə yeni PUA əleyhinə müdafiə sistemi yerləşdirib
Böyük Britaniya Yaxın Şərqdəki Kral Hərbi Hava Qüvvələrinin əməliyyatlarında yeni və daha ucuz PUA əleyhinə müdafiə sistemlərinin istifadə olunacağını açıqladı
Böyük Britaniya Yaxın Şərqdə yeni PUA əleyhinə müdafiə sistemi yerləşdirib
Böyük Britaniya Yaxın Şərqdə yeni PUA əleyhinə müdafiə sistemi yerləşdirib / Reuters

Böyük Britaniya Yaxın Şərqdəki Kral Hərbi Hava Qüvvələrinin əməliyyatlarında yeni və daha ucuz PUA əleyhinə müdafiə sistemlərinin istifadə olunacağını açıqladı. "Qabaqcıl dəqiq öldürmə sistemi" (APKWS) adlanan bu yeni texnologiya Körfəzdə xidmət edən "Typhoon" qırıcı təyyarələrinə inteqrasiya olunub. Sistem Kral Hərbi Hava Qüvvələrinə standart hava-hava raketləri ilə müqayisədə hədəfləri daha az xərclə və yüksək dəqiqliklə məhv etmək imkanı verir.

Böyük Britaniyanın Müdafiə Hazırlığı və Sənaye Naziri Lyuk Pollard bildirib ki, yeni sistem sayəsində hərbi aviasiya daha çox dronu daha ucuz qiymətə zərərsizləşdirə biləccək. Nazir həmçinin vurğulayıb ki, "Typhoon" qırıcıları Avropanın şərq cinahını və Yaxın Şərqdəki tərəfdaşları qoruyaraq Böyük Britaniya və NATO-nun hava hücumundan müdafiəsinin əsasını təşkil edir.

İdarə olunmayan raketləri lazer hədəfləmə texnologiyası vasitəsilə dəqiq sursatlara çevirən APKWS xüsusilə ucuz hücum dronlarının kütləvi tətbiqinə qarşı iqtisadi cəhətdən səmərəli və dayanıqlı bir həll yolu hesab olunur. Hazırda Böyük Britaniya bölgədəki hərbi mövcudluğunu "Typhoon" qırıcıları ilə yanaşı, Səudiyyə Ərəbistanındakı "Sky Sabre" sistemi və Bəhreyndəki "Yüngül Çoxməqsədli Raket" sistemi kimi yerüstü hava hücumundan müdafiə vasitələri ilə gücləndirir.