DÜNYA
3 dəqiqə oxuma
ABŞ BMT-nin İranla bağlı qətnamə layihəsini nəzərdən keçirib, lakin veto təhlükəsi davam edir
Layihədə VII fəslin maddəsi çıxarılıb, lakin İrana qarşı sərt mövqe saxlanılır. Diplomatlar Çin və Rusiyanın ABŞ-nin təklif etdiyi tədbirləri...
ABŞ BMT-nin İranla bağlı qətnamə layihəsini nəzərdən keçirib, lakin veto təhlükəsi davam edir
BMT TŞ [Arxiv] / AP

Diplomatların verdiyi məlumata görə, Vaşinqton İrandan Hörmüz boğazındakı hücum və minalama fəaliyyətlərini dayandırmağı tələb edən BMT qətnamə layihəsinə düzəliş edib, lakin bu dəyişikliklərin Çin və Rusiyanın veto qoymasına mane olacağı ehtimalı az görünür.

Mayın 8-də günorta saatlarında Təhlükəsizlik Şurasının üzvləri ilə paylaşılan və "Reuters" xəbər agentliyi tərəfindən görülən yenilənmiş layihədə Şuraya sanksiyalardan hərbi fəaliyyətə qədər müxtəlif tədbirlər görməyə imkan verən BMT Nizamnaməsinin 8-ci fəsli ilə bağlı bənd çıxarılıb.

Buna baxmayaraq, şərtlərə əməl olunmayacağı təqdirdə Şuranın “bölgədə gəmiçilik azadlığını təmin etmək üçün, sanksiyalar da daxil olmaqla, effektiv tədbirləri nəzərdən keçirmək məqsədilə yenidən toplanacağı” barədə maddə layihədə saxlanılıb.

Şuranın qətnamə layihəsini nə vaxt səsverməyə çıxaracağı hələlik bəlli deyil.

Mətndə güc tətbiqi üçün açıq şəkildə icazə verilməsə də, bu ehtimal istisna edilmir və “üzv dövlətlərin gəmilərini, gəmiçilik hüquq və azadlıqlarını pozanlar da daxil olmaqla, hücum və təhdidlərdən qorumaq hüququ yenidən təsdiqlənir”.

Çin və Rusiyanın kəskin etirazları

ABŞ-nin İrana qarşı hərbi fəaliyyətinə qanuni zəmin yaradacaq kimi görünən və ABŞ tərəfindən dəstəklənən əvvəlki qətnamə, keçən ay 15 üzvlü BMT Təhlükəsizlik Şurasında Rusiya və Çinin veto hüququndan istifadə etməsi ilə uğursuzluğa düçar olmuşdu.

Diplomatlar ABŞ və Bəhreyn tərəfindən hazırlanan və bu həftə şura üzvlərinin nəzərinə təqdim olunan mövcud qətnamənin orijinal variantının Çin və Rusiyanın kəskin etirazları ilə qarşılaşdığını bildiriblər.

BMT-dən olan bir diplomat keçən aykı qətnamədə olduğu kimi 8-ci fəslə edilən istinadın çıxarılmasına baxmayaraq, yeni layihənin Çin və Rusiyanın etirazlarını aradan qaldırmadığını söyləyib.

Çinin BMT missiyası yeni layihə barədə şərh verməyəcəyini qeyd edib, Rusiya missiyası isə mövzu ilə bağlı fikir bildirməyib.

Mayın 8-də Rusiya missiyasından verilən açıqlamada Təhlükəsizlik Şurası üzvlərinin “Yaxın Şərqdə yeni gərginlik dalğasına təkan verə biləcək” “təktərəfli və konfrontasiyalı qətnamə layihələrini” qəbul etməkdən çəkinməli olduqları qeyd edilib.

Açıqlamada “Məhz bu səbəbdən aprelin 7-də Rusiya, Çin ilə birlikdə Hörmüz boğazındakı vəziyyətlə bağlı qətnamə layihəsinin qəbul edilməsinin qarşısını aldı” deyə bildirilib.

ABŞ Dövlət katibi Marko Rubio mayın 7-də təklif olunan qətnamə layihəsini Birləşmiş Millətlər Təşkilatının funksionallığı üçün bir sınaq kimi qiymətləndirib və Çinlə Rusiyaya veto qoymamaları barədə xəbərdarlıq edib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı müharibəyə başlaması ilə regional gərginlik kəskin şəkildə artıb. Bu vəziyyət İranın İsrailə və ABŞ obyektlərinə ev sahibliyi edən Körfəz ölkələrinə cavab zərbələri endirməsinə və Hörmüz boğazının bağlanmasına səbəb olub.

Pakistanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs aprelin 8-də qüvvəyə minib, lakin İslamabaddakı danışıqlarda daimi razılaşma əldə olunmayıb. Tramp daha sonra son tarix təyin etmədən atəşkəsin uzadıldığını elan edib.

ABŞ aprelin 13-dən bəri boğazdakı İran dəniz nəqliyyatını hədəf alan dəniz blokadası tətbiq edir.