Rusiya Nəqliyyat Nazirliyinin verdiyi məlumata görə, Rostov-na-Donu şəhərindəki Cənubi Rusiya Aeronaviqasiya filialının inzibati binasına pilotsuz uçuş aparatları ilə edilən hücumlardan sonra Rusiyanın cənubundakı 13 hava limanında fəaliyyət müvəqqəti olaraq dayandırılıb.
Müvafiq olaraq, Həştərxan, Vladiqafqaz, Volqoqrad, Gelendjik, Qroznı, Krasnodar, Mahaçqala, Magas, Mineralnye Vody, Nalçik, Soçi, Stavropol ve Elistadakı hava limanlarının fəaliyyəti dayandırılıb.
Nazirlik “Telegram” kanalında yaydığı bəyanatda hücumdan sonra Rusiyanın cənubundakı hava hərəkətinə nəzarət prosedurlarının yenidən tənzimləndiyini bildirib.
Nazirlik “Heyət təhlükəsiz yerdədir və rəsmilər avadanlıqların işləkliyini qiymətləndirir” məlumatını paylaşıb.
Rusiya və Ukrayna Moskvanın 9 May Qələbə Günü şənlikləri ilə eyni vaxta təsadüf edən iki günlük atəşkəsin pozulmasına görə bir-birini məsuliyyətli hesab edir.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın 850-dən çox pilotsuz uçuş aparatı hücumu həyata keçirdiyini dediyi halda, Rusiya Müdafiə Nazirliyi 1 365 atəşkəs pozuntusu qeydə aldığını açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi mayın 4-də Qələbə Günü şənlikləri zamanı 8-9 may tarixlərində atəşkəs tətbiq edəcəyini elan etmiş, Ukraynanın da eyni addımı atacağına ümid etdiyini bildirmişdi.
Həmin günün irəliləyən saatlarında Zelenski Kiyevin mayın 5-də gecə yarısından (21:00 GMT) etibarən öz birtərəfli atəşkəsini tətbiq edəcəyini söyləmişdi.





