Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 15-də Qazaxıstan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Ölkə başçısı bildirib ki, NATO müttəfiqləri və Avropa İttifaqı (Aİ) ilə daha güclü regional əməkdaşlıq, genişləndirilmiş müdafiə potensialı və yenilənmiş diplomatik təmaslar istiqamətində fəaliyyətlərini davam etdirəcəklər.
Prezident R.T.Ərdoğan eyni zamanda Yaxın Şərqdə sabitliyin qorunmasının vacibliyini vurğulayıb. O, ABŞ və İsrailin İrana qarşı hücumları məsələsinə toxunaraq deyib: “İlk növbədə İsrailin təxribatlarının qarşısı alınmalı, daha sonra isə real bir sülh inşa edilməlidir. Əgər regionda daimi sabitlik arzu olunursa, hər kəs qısamüddətli maraqlarını bir kənara qoymalıdır. Ölkələr beynəlxalq şirkətlərin və ya regiondan kənar qüvvələrin deyil, məhz öz dövlətinin və vətəndaşlarının hüquqlarını müdafiə etməlidir.”
Sammitin Türkiyə baxımından digər mühüm əhəmiyyətinin Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) bu tədbirdə iştirakı olduğunu bildirən dövlət başçısı R.T.Ərdoğan deyib: "Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatının fəaliyyətlərinə qatılmasına böyük önəm veririk. Türk dünyası da üzərinə düşən vəzifəni yerinə yetirərək, Kipr türk xalqını ürəkdən dəstəkləyir."
Prezident R.T.Ərdoğan növbəti payızda Türkiyənin ev sahibliyi edəcəyi 13-cü sammitlə təhvil alınacaq növbəti dövr sədrliyi müddətində Türk Dövlətləri Təşkilatını daha yüksək səviyyələrə qaldıracaqlarını da sözlərinə əlavə edib.
Ölkənin müdafiəsində yeni bir mərhələ başlayır
Dövlət başçısı yaxınlaşan NATO sammitinə də toxunaraq belə deyib: “Həm regionumuzda, həm də dünyada baş verən son hadisələr Ankara sammitinin əhəmiyyətini bir qədər də artırıb. Ankarada Alyansın gələcəyinə və qlobal təhlükəsizlik sisteminin bundan sonrakı formalaşmasına dair mühüm qərarların qəbul edilməsini gözləyirik.”
Prezident R.T.Ərdoğan həmçinin Türkiyəni Aİ üçün "böyük bir fürsət" adlandıraraq bu birliyin belə bir imkandan tam yararlanıb-yararlanmayacağı ilə bağlı tarixi bir qərar qarşısında olduğunu qeyd edib.
Rəsmi Vaşinqton ilə müdafiə sahəsində əməkdaşlıq barədə danışan R.T.Ərdoğan, "F-35" qırıcı proqramı üzrə danışıqların davam etdiyini bildirərək deyib: “F-35 mövzusunda tələblərimiz bəllidir. Nümayəndələrimiz amerikalı həmkarları ilə təmaslarını davam etdirirlər. Müsbət bir nəticə əldə edəcəyimizə ümid bəsləyirik.”
Türkiyənin yerli imkanlarla hazırladığı beşinci nəsil milli döyüş təyyarəsi "KAAN" layihəsinə də diqqət çəkən Prezident bunu ölkənin müdafiə sənayesindəki daha genişmiqyaslı transformasiyanın başlanğıcı kimi qiymətləndirib.
“KAAN layihəmiz isə hər ötən gün daha da irəliləyir. Proses yekunlaşdıqda bu sahədə artıq yeni bir mərhələ başlayacaq. KAAN bizim üçün ilk addımdır. Daha yaxşılarını, daha güclülərini də hazırlayacağıq və buna nail olacağıq”, - deyə ölkə başçısı yekunda bildirib.

















