Türkiyənin Milli Müdafiə Nazirliyi Tehran və Vaşinqton rəhbərliklərinin müvəqqəti atəşkəsi daimi hala gətirmək və sülh danışıqlarını davam etdirmək üçün konstruktiv mövqe nümayiş etdirəcəklərinə dair ümidini dilə gətirib.
Nazirliyin mətbuat katibi admiral Zeki Aktürk mayın 7-də keçirilən həftəlik məlumatlandırma toplantısında deyib: “İran və ABŞ-nin müvəqqəti atəşkəsin daimi hala gətirilməsi və danışıqlar prosesinin davamı üçün təmkinli və konstruktiv hərəkət etməsini təmənni edirik. Bölgədə sabitlik və sülhün bərqərar olması üçün istənilən dəstəyi verməyə davam edəcəyik. Həmçinin davam edən danışıqlar prosesinə baxmayaraq, İsrailin Livana qarşı sürən hücumlarına və Qəzzadakı İsrail soyqırımından mənbələnən və gedərək dərinləşən humanitar böhrana qarşı beynəlxalq birlik məsuliyyət götürməlidir”.
Milli müdafiə naziri Yaşar Gülərin bu həftə İstanbulda keçirilən “SAHA 2026” müdafiə sərgisi çərçivəsində somalili, kosovolu, kenyalı, küveytli, mavritaniyalı, sudanlı və estoniyalı həmkarları daxil olmaqla bir çox xarici müdafiə rəsmisi ilə görüşdüyü qeyd edilib.
Nazir Gülər həmin görüşlər çərçivəsində Kosovo ilə hərbi maliyyə əməkdaşlığı müqaviləsi, Kenya ilə isə müdafiə əməkdaşlığı müqaviləsi imzalayıb.
Nazirliyin mətbuat katibi Zeki Aktürk Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli komandirlərinin də sərgi boyu xarici rəsmilərlə bir araya gəldiyini əlavə edib.
Zeki Aktürk həmçinin, Hava Qüvvələri Komandanı Ordu generalı Ziya Cemal Kadıoğlunun 11-14 may tarixlərində Portuqaliyaya səfər edəcəyi, Dəniz Qüvvələri komandanı admiral Kadir Yıldızın isə Madriddə keçirilən və bu gün başa çatacaq 2026 Avropa Dəniz Qüvvələri Komandanları Konfransında (CHENS) iştirak etdiyi barədə məlumat paylaşıb.












