SİYASƏT
2 dəqiqə oxuma
İran ABŞ hərbi gəmisini vurduğunu iddia edir
Lakin Vaşinqton bu iddiaları rədd edir
İran ABŞ hərbi gəmisini vurduğunu iddia edir
İran ABŞ hərbi gəmisini vurduğunu iddia edir / Reuters

İran dövləti Hörmüz boğazında ABŞ donanmasına məxsus bir gəmini vurduğunu iddia edib. Məsələylə bağlı məlumat mayın 4-də (bu gün) Fars Xəbər Agentliyi tərəfindən yerli mənbələrə istinadən yayılıb.

Bildirilir ki, İranın cənubundakı Cask adası yaxınlığında hərəkət edən Amerikaya məxsus hərbi gəmi “dayan” xəbərdarlığına əməl etmədiyi üçün iki raketlə hədəf alınıb. Agentlik bildirib ki, gəmi hərəkət və naviqasiya təhlükəsizliyini pozub, zərbədən sonra marşrutunu davam etdirə bilməyərək ərazidən uzaqlaşmaq məcburiyyətində qalıb. Zərərin miqyası və ya itki olub-olmaması ilə bağlı isə məlumat verilməyib.

Qeyd edilir ki, İran İnqilab Keşikçiləri Korpusu daha əvvəl etdiyi xəbərdarlıqda Tehran hakimiyyəti tərəfindən elan edilən keçid qaydalarını pozan hər hansı gəminin “güc tətbiq edilərək dayandırılacağını” bildirmişdi.

 

ABŞ-dən təkzib

Əldə edilən digər məlumata görə isə rəsmi Vaşinqton yayılan bu xəbəri dərhal təkzib edib.

“Axios” xəbər agentliyinin müxbiri Barak Ravidin bildirdiyinə görə, amerikalı yüksək vəzifəli şəxs İran qüvvələrinin ABŞ gəmisinə zərbə endirməsi ilə bağlı bütün iddiaları rədd edib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı hücumlara başlaması rəsmi Tehranın İsrailə və Körfəzdəki ABŞ müttəfiqlərinə cavab zərbələri endirməsinə, eləcə də Hörmüz boğazının bağlanmasına səbəb olmuşdu. ABŞ isə öz növbəsində 13 apreldən etibarən strateji su yolunda İranın dəniz hərəkətinə qarşı dəniz blokadası tətbiq edir.

Pakistanın vasitəçiliyi ilə 8 apreldə elan edilən iki həftəlik atəşkəs və daha sonra İslamabadda keçirilən birbaşa danışıqlar isə davamlı nəticə vermədi.

 

İrandan Hörmüz üçün yeni xəritə

Bu hadisələrlə eyni vaxtda İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazında nəzarəti altında olduğunu iddia etdiyi əraziləri əks etdirən yeni xəritə yayımlayıb.

Fars Xəbər Agentliyi bildirib ki, müəyyən edilən ərazi İranın Keşm adasından Birləşmiş Ərəb Əmirliklərinin Ümmül-Qayveyn əmirliyinə və İrandakı Kuhe-Mobarək bölgəsindən BƏƏ-nin Füceyrə şəhərinin cənubuna qədər uzanan xətlər arasında yerləşir. Elan olunan bu nəzarət zonasının əvvəlki vəziyyətlə müqayisədə nə dərəcədə genişləndiyi isə hələlik dəqiqləşməyib.

MƏNBƏ:TRT