Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 27-də İstanbulda keçirilən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 6-cı Bacarıqlar Zirvəsində iştirak edib. Tədbirdə çıxış edən ölkə başçısı süni intellekt, robot texnologiyaları və sürətli texnoloji dəyişikliklərin yaratdığı işçi qüvvəsi transformasiyasının miqyas etibarilə Sənaye İnqilabı səviyyəsində olduğunu bildirib.
Prezident R.T.Ərdoğan qeyd edib ki, iş yerlərinin yox olduğu, yeni peşələrin yarandığı və insan resursunun milli gücün əsas müəyyənedici amilinə çevrildiyi bu dəyişimi hökumətlər düzgün təhlil edərək ələ almalıdırlar.
Prezident vurğulayıb: “Hazırda baş verən reallığa baxaraq işçi qüvvəsi baxımından Sənaye İnqilabına bənzər bir dəyişiklik dalğası ilə üz-üzə olduğumuzu görmək mümkündür.” Dövlət rəhbəri avtomatlaşdırılmış istehsal müəssisələrinin belə nə qədər dəyişdiyindən bəhs edib.
Süni intellektin sürətli yüksəlişi
Prezident R.T.Ərdoğan hazırda təxminən 100 milyard dollar dəyərində olan qlobal robotlaştırılma bazarının 2050-ci ilə qədər 25 trilyon dollara çatmasının gözlənildiyini bildirərək, qarşıdakı transformasiyanın miqyasına diqqət çəkib.
R.T.Ərdoğan süni intellektin böyük imkanlar yaratdığını qeyd etsə də, işçi qüvvəsini bu prosesə hazırlaya bilməyən ölkələr üçün ciddi sosial risklər yarada biləcəyini də vurğulayıb. Prezident qadınlar, miqrantlar və sosial baxımdan həssas qruplara aid tələbələrin iqtisadiyyata tam inteqrasiya edə bilməməsinə səbəb olan struktur bərabərsizliklərə diqqət çəkib.
Ölkə rəhbəri R.T.Ərdoğan deyib: “İnsan resursunun mühüm hissəsini passiv vəziyyətdə saxlayan heç bir ölkə həqiqi mənada güclü inkişaf mərhələsinə daxil ola bilməz. Bu, təkcə iqtisadi məsələ deyil, eyni zamanda sosial ədalət və uzunmüddətli milli güc məsələsidir.”
Türkiyə gənclərin məşğulluğunu artırmağı hədəfləyir
Prezident bildirib ki, Türkiyənin “Türkiyə Yüz ili” baxışı insan resursuna yönəlməklə yanaşı, dövlət və özəl sektor, universitetlər, həmkarlar ittifaqları, yerli idarəetmə orqanları və qeyri hökumət təşkilatları arasında daha güclü koordinasiyanın qurulmasına əsaslanır.
Dövlət başçısı R.T.Ərdoğan qeyd edib ki, qeyri-rəsmi məşğulluq səviyyəsi 2000-ci illərin əvvəllərində 52 faizdən 2025-ci ildə 24 faizə enib və bu, ölkənin son 23 ildə əmək bazarında ən güclü göstəricisidir. O əlavə edib ki, peşə təhsili sistemi sektor və biznes dünyasının ehtiyaclarına daha uyğun şəkildə yenidən qurulur.
Prezident bildirib ki, məqsəd növbəti üç il ərzində 3 milyon gənci məşğulluğa cəlb etməkdir.
R.T.Ərdoğan həmçinin işləyən qadınların əmək bazarında iştirak səviyyəsinin artmasını və işləyən analar üçün analıq məzuniyyətinin 24 həftəyə qədər uzadılmasını nəzərdə tutan hüquqi dəyişiklikləri də xüsusi vurğulayıb.
Yekunda isə Prezident R.T.Ərdoğan deyib: “Qlobal geosiyasi və iqtisadi dinamiklərin dəyişdiyi mövcud şəraitdə OECD-nin İstanbul Mərkəzinin mühüm rol oynadığını görür və bundan məmnunluq hissi keçiririk.”



















