Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan almaniyalı həmkarı Frank-Volter Ştaynmayerlə telefon danışığı zamanı bölgədəki müharibələrin Avropanı zəiflətməyə başladığı barədə xəbərdarlıq edib. Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, aprelin 22-də baş tutan söhbət zamanı Türkiyə-Almaniya münasibətləri, habelə regional və qlobal proseslər müzakirə olunub. Prezident R.T. Ərdoğan son aylarda artan yüksək səviyyəli təmaslar sayəsində Ankara-Berlin xəttində əlaqələrin canlandığını bildirərək mövcud geosiyasi və iqtisadi çətinliklər fonunda bu müsbət tendensiyanın qorunmasının vacibliyini vurğulayıb.
Dövlət başçısı bildirib ki, regionu bürüyən müharibələr artıq coğrafi sərhədləri aşaraq Avropanın sabitliyinə və gücünə birbaşa təsir göstərir. O, qeyd edib ki, münaqişələr sülh yolu ilə həll olunmasa, bunun doğuracağı zərər daha ağır nəticələrə səbəb olacaq.
Prezident Ərdoğan Türkiyənin həm İranla bağlı gərginliyi, həm də Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün fəal diplomatik səylər göstərdiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Ankara İran məsələsində dialoqa çağırış etməklə yanaşı, Moskva və Kiyev arasında danışıqların bərpasını da dəstəkləyir. Türkiyə regional münaqişələrdə vasitəçi rolunu davam etdirərək bütün tərəflərlə diplomatik kanalları açıq saxlayır və hərbi gərginlik əvəzinə danışıqlar yolu ilə həll variantlarını təşviq edir.















