ABŞ prezidenti Donald Trampın ötən həftə elan etdiyi mühüm əsir mübadiləsi razılaşmasının ardından Rusiya və Ukrayna hər iki tərəfin də təsdiqlədiyi kimi, qarşılıqlı olaraq 205 hərbi əsiri bir-birinə təhvil verib.
Sözügedən mübadilə D.Trampın başlatdığı daha genişmiqyaslı, yəni 1000-in 1000-ə əsir dəyişdirilməsi razılaşmasının bir hissəsi olaraq mayın 15-də baş tutub.
Rusiya Müdafiə Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin əsirlikdən qayıdan Rusiya hərbçilərinə humanitar yardım göstərdiyini açıqlayıb. Azadlığa buraxılan əsgərlər hazırda Belarusdadır və onlara psixoloji, eləcə də tibbi dəstək təmin olunur.
Nazirlik Rusiyanın "Max" sosial media platformasında yaydığı bəyanatda əsirlikdən azad olunanların daha sonra müalicə və reabilitasiya üçün Rusiyaya köçürüləcəyini bildirib.
İlk mərhələ
Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" hesabında azad edilən Ukrayna hərbi əsirlərinin sıravi əsgər, çavuş və zabitlərdən ibarət olduğunu qeyd edib. V.Zelenski onların böyük qisminin 2022-ci ildən bəri Rusiyada əsirlikdə saxlanıldığını ifadə edərək, bu mübadilənin planlaşdırılan 1000-in 1000-ə dəyişdirilmə prosesinin ilk mərhələsini təşkil etdiyini vurğulayıb.
Qeyd edək ki, ötən həftə D.Tramp "Truth Social" platformasında Rusiya və Ukraynanın mayın 15-dən 17-ə qədər üçgünlük atəşkəs və 1000-in 1000-ə məhbus mübadiləsi barədə razılığa gəldiklərini bəyan etmişdi.
Xatırladaq ki, rəsmi Moskva ilə Kiyev rəhbərliyi arasında aprel ayında da iki məhbus mübadiləsi həyata keçirilmişdi.
Sözügedən mübadilələrdən birincisi Pravoslav Pasxası zamanı baş tutmuş və hər iki tərəf qarşılıqlı olaraq 175 əsgəri dəyişdirmişdi. Aprelin 24-də keçirilən ikinci mübadilədə isə hər iki tərəfdən 193 əsir dəyişdirilmişdi.












