ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak ölkəsinin Suriyanın yeni rəhbərliyi ilə əlaqələrini müsbət qiymətləndirib. Barrakın sözlərinə görə, Suriya artıq bütün region üçün diplomatiya, inteqrasiya və yeni bir barış mühitinin mərkəzinə çevrilib. ABŞ nümayəndəsi bu barədə rəsmi "X" sosial media hesabında paylaşım edib. O, şənbə günü Dəməşqdəki Xalq Sarayında Suriya Prezidenti Əhməd əl-Şara ilə keçirdiyi görüşün yekunlarına toxunaraq, ölkənin əl-Şaranın liderliyi və Xarici işlər naziri Əsəd Həsən əl-Şeybaninin qətiyyətli diplomatiyası sayəsində diqqətəlayiq irəliləyiş əldə etdiyini vurğulayıb. Barrak həmçinin qarşıdakı imkanların Suriya xalqı üçün böyük inkişaf və davamlı sabitlik vəd etdiyini qeyd edib.
Suriya Ərəb Xəbər Agentliyinin (SANA) yaydığı məlumata görə, Dəməşqdə keçirilən görüşdə tərəflər Suriya və regiondakı son vəziyyəti, eləcə də iki ölkə arasında iqtisadi əməkdaşlığı gücləndirməyin yollarını müzakirə ediblər.
Qeyd edək ki, Suriyada 13 ildən çox davam edən vətəndaş müharibəsi yarım milyondan çox insanın ölümünə və milyonlarla sakinin didərgin düşməsinə səbəb olub. Devrilmiş lider Bəşər Əsəd 2011-ci ildə öz rejiminə qarşı başlayan dinc etirazları hərbi güclə yatırmış, onun rəhbərlik etdiyi qəddar həbsxana sistemində on minlərlə insan qətlə yetirilmiş, işgəncələrə məruz qalmış və ya itkin düşmüşdü.
2024-cü ilin dekabrında Suriyadakı müxalif qüvvələr Əsəd rejimini devirdi. Bununla da ölkədə bütün vətəndaşların hüquqlarını qoruyan "Yeni Suriya" dövrü başladı.














