Volodimir Zelenskinin Rusiyanın yeni və böyük bir hücum təşkil edəcəyi barədə xəbərdarlığından günlər sonra Kiyev, Dnipro və Xarkova hücumlar təşkil edilərkən; hücumlar insan itkilərinə, elektrik kəsintilərinə və yanğınlara səbəb olub.
Ukraynalı rəsmilər Rusiyanın raket və PUA (pilotsuz uçuş aparatı) hücumlarında ölkə daxilində doqquz nəfərin öldüyünü və onlarla insanın yaralandığını bildiriblər; sözügedən hücumlar Prezident Volodimir Zelenskinin Moskvanın "yeni və böyük bir hücum" hazırlığında olduğu barədə xəbərdarlığından bir neçə gün sonra baş verib.
Moskva 2022-ci ildə başlatdığı hücumdan bəri demək olar ki, hər gün Ukraynanı bombalayır və bu vəziyyət tez-tez Kiyevin qisas addımlarına səbəb olur. İkinci Dünya Müharibəsindən bəri Avropada yaşanan bu ən qanlı münaqişəni dayandırmağa yönəlmiş danışıqlar isə çıxılmaz vəziyyətə düşüb.
Jurnalistlər Ukraynanın paytaxtı Kiyevdə bəzi partlayış səsləri eşidiblər. Yerli rəsmilər Rusiyanın ballistik raketlərlə hücum etdiyini, bunun bəzi bölgələrdə yanğınlara və elektrik kəsilmələrinə səbəb olduğunu bildiriblər.
Şəhərin meri Vitali Kliçko "kütləvi düşmən hücumunda" dörd nəfərin öldüyünü və ikisi uşaq olmaqla ən azı 58 nəfərin yaralandığını qeyd edib.
Kliçko daha əvvəl "Şəhərdə partlayışlar var. Hava hücumundan müdafiə qüvvələri işləyir! Sığınacaqlarda qalın!" xəbərdarlığını etmişdi.
AFP jurnalistlərinin müşahidəsinə görə, şəhər mərkəzindən qalxan böyük tüstü buludu ilə yanaşı, sakinlər çantalarını götürüb adyallara bürünərək sığınacaqlara qaçıblar.
Kiyev Şəhər Hərbi İdarəsinin rəhbəri Timur Tkaçenko "Düşmən ballistik raketlərlə vurur", -deyə bildirib.
Müxtəlif yerlərdə də həm raketlərin, həm də PUA-ların istifadə edildiyi ölümcül hücumlar barədə məlumat verilib.
Dnipro qubernatoru Oleksandr Qanja öz şəhərində Rusiyanın hücumu nəticəsində beş nəfərin həyatını itirdiyini, üçünün vəziyyəti ağır olmaqla 25 nəfərin yaralandığını bildirib.
Mer İqor Terexovun dediyinə görə, Xarkov şəhərində isə aralarında bir uşağın da olduğu on nəfər yaralanıb.
Hücumların fonunda Polşa Hərbi Hava Qüvvələri “X” platformasında Polşa hava məkanını qorumaq üçün təyyarələri səfərbər etdiyini açıqlayıb.
Ukrayna Hərbi Hava Qüvvələri raket təhdidləri ilə bağlı xəbərdarlıqlar yayımlayıb, Kiyev rəsmiləri isə Ukrayna hava məkanında PUA-ların olduğu barədə xəbərdarlıq ediblər.
'Özünüzü qoruyun'
Digər tərəfdən, bölgə qubernatoru Aleksandr Xinşteynin verdiyi məlumata görə, Ukraynaya məxsus PUA hücumu nəticəsində Ukrayna sərhədinə yaxın olan Rusiyanın Kursk vilayətində bir nəfər həyatını itirib.
Ukraynaya yönəlmiş hücumlar Zelenskinin mayın 29-da "Rusiyanın yeni, böyük bir hücum hazırladığına dair kəşfiyyat məlumatlarımız var" deməsindən və insanlara "özünüzü qoruyun" çağırışı etməsindən sonra baş verib.
Zelenski "Xahiş edirəm hava həyəcanı siqnallarına diqqət yetirin, özünüzü qoruyun. Xidmətlərimiz səmərəli işləyir və hazırlıqlıdır; Hava Qüvvələri və göylərimizin digər müdafiəçiləri həmişə olduğu kimi hər gün 24 saat növbədə olacaqlar" ifadələrindən istifadə etmişdi.
Ukrayna Prezidenti müttəfiqlərindən Rusiya ballistik raketlərinin qarşısını ala biləcək "Patriot" raketlərinin tədarükünə icazə vermələrini və bunun maliyyələşdirilməsini təmin etmələrini yenidən xahiş edib.
Ötən həftə Zelenski ABŞ Prezidenti Donald Trampa və ABŞ Konqresinə yazdığı məktubda intensivləşən Rusiya hava hücumlarına qarşı "Patriot" sistemlərindən istifadə edilməsini tələb etmişdi.
Ukrayna həmçinin gündəlik Rusiya bombardmanlarına cavab olaraq işğal altındakı bölgələrə və Rusiyaya qarşı hücumlarını artırıb.











