Almaniyadakı Kil İnstitutuna görə, Avropa ölkələri Ukraynada PUA istehsalına və maliyyələşdirilməsinə “böyük miqyasda” investisiya qoyur. Bu sayədə texnoloji sahədəki təcrübələr Avropaya geri qayıdır.
Almaniyadakı Kil İnstitutu verdiyi açıqlamada Ukraynaya ABŞ maliyyələşdirilməsinin başa çatmasından bəri Avropa ölkələrinin milyardlarla dollarlıq hərbi yardım köçürdüyünü və 2026-cı ilin sonuna qədər ediləcək yardımların Ukraynanın sürətlə böyüyən PUA sektorunu canlandıracağını bildirib.
2022-ci ilin fevral ayının 24-də Rusiya işğalından bəri Ukraynaya göstərilən hərbi, maliyyə və humanitar yardımları izləyən Kil İnstitutuna görə, bu ilin ilk dörd ayında Ukraynaya verilən Avropa hərbi yardımının 12 faizi PUA istehsalına ayrılıb.
Yanvar-aprel dövründə Avropa ölkələri tərəfindən ayrılan 12,33 milyard avro (14,3 milyard dollar) məbləğindəki hərbi yardımın 1,5 milyard avrosu PUA istehsalı üçün ayrılıb. Bu rəqəm 2025-ci ilin bütövündə ayrılan məbləğdən (1,24 milyard avro) daha çoxdur.
PUA-lara ayrılan yardım fondları 2022 ilə 2026-cı illər arasında üç dəfə artıb və bu tendensiya mart və aprel aylarında sürətlənib. Böyük Britaniya aprelin 15-də Ukraynaya 120 min 000 PUA tədarük edəcəyini bəyan edib.
Almaniya və Norveç Ukraynanın Rusiya hücumlarını dəf etməsində həyati əhəmiyyətə malik olan bu silahları almasına kömək etmək üçün hər biri 500 milyon avro, Niderland isə 250 milyon avro ayırıb.
Ukrayna artıq dünyanın aparıcı PUA mütəxəssisi olduğunu bildirir. Finlandiya, Danimarka və Böyük Britaniya kimi getdikcə sayı artan Avropa ölkələri istehsallarının bir hissəsini müttəfiq ölkələrə köçürən Ukrayna şirkətləri ilə birlikdə müharibədə istifadə olunmaq üçün PUA istehsal edir.
Kil İnstitutunun tədqiqat direktoru Kristof Trebeş (Christophe Trebesch) “Avropalı donorlar artıq böyük miqyasda PUA maliyyələşdirilməsinə və istehsalına daxil olurlar” deyib.
Trebeş “Nəticədə Ukraynaya verilən dəstək getdikcə ikitərəfli mübadiləyə çevrilir. Belə ki, Ukraynaya maliyyə yardımı axarkən, texnoloji effektlər Avropaya geri qayıdır” deyə əlavə edib.
Qeyd edək ki, Ukraynanın pilotsuz uçuş aparatı təcrübəsi Körfəz ölkələri də daxil olmaqla, bir çox ölkə ilə müdafiə müqavilələri bağlamasını təmin etdi. Həmin Körfəz ölkələri Yaxın Şərqdəki müharibə zamanı Ukraynanın qarşısını almağı öyrəndiyi İran istehsalı olan eyni tipli pilotsuz uçuş aparatları ilə hədəf alınmışdı.












