İyunun 8-də İranın həyata keçirdiyi raket hücumları səbəbindən İsrailin mərkəzi, cənub və şimal bölgələrində, həmçinin işğal altındakı Şərqi Qüds və İordan çayının qərb sahilində hava həyəcanı siqnalları işe salınıb. İsrail ordusu İrandan gələn raket hücumunu təsdiqləyərək hava hücumundan müdafiə sistemlərinin hədəfləri zərərsizləşdirmək üçün işə düşdüyünü və səmada partlayışların qeydə alındığını açıqlayıb. Bu hücumun İsrailin atəşkəs razılaşmasına baxmayaraq Livanın paytaxtı Beyrutun Dahiye rayonuna endirdiyi hava zərbələrinə cavab olaraq İran rəsmilərinin göstərişi ilə həyata keçirildiyi bildirilir. Yəməndən də İsrail istiqamətinə raket atılıb. İsrail ordusu ölkənin mərkəzində və Təl-Əviv ətrafında xəbərdarlıq siqnallarının işə düşməsinə səbəb olan həmin raketi uğurla məhv etdiyini bəyan edib. İsrailin ‘‘Kanal 12’’ telekanalının yaydığı məlumata görə, rəsmilər bu olaydan sonra ölkənin hava məkanını müvəqqəti olaraq bağlamaq qərarına gəliblər.
Buna cavab olaraq İsrail Hərbi Hava Qüvvələri İranın qərb və mərkəzi hissələrini hədəf alan genişmiqyaslı hava əməliyyatına başlayıb. Tehran, İsfahan və Təbriz də daxil olmaqla bir neçə şəhərdə güclü partlayışlar qeydə alınıb. ABŞ Prezidenti Donald Trampın tərəfləri təmkinli olmağa çağırmasından cəmi bir neçə saat sonra İsrail ordusu İranın cənub-qərbində yerləşən Mahşəhr şəhərindəki mühüm neft-kimya kompleksində bir neçə hədəfə zərbə endirdiyini rəsmən elan edib.












