Şərhlər
TÜRKİYƏ
5 dəqiqə oxuma
H.Fidan: “ Türkiyə və Hindistan bəzi problemləri mötərizəyə alaraq müsbət əlaqələr qurmalıdır”
Türkiyənin xarici işlər naziri Hakan Fidan Hindistanı fikir ayrılıqlarını bir kənara qoymağa və qarşılıqlı maraqlara diqqət yetirməyə çağırıb
H.Fidan: “ Türkiyə və Hindistan bəzi problemləri mötərizəyə alaraq müsbət əlaqələr qurmalıdır”
Türkiyənin xarici işlər naziri Hakan Fidan Sinqapurda Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda (IISS) çıxış edir. / Reuters

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə ilə Hindistan arasındakı əlaqələrin yaxşılaşdırılması ilə bağlı çağırış edib. Nazir rəsmi Ankara ilə Pakistan arasındakı sıx əlaqələrin regional iki güc arasındakı əməkdaşlığa mane olmayacağını vurğulayıb.

Keçən həftə Sinqapurda təşkil edilən 6-cı “IISS Raffles” Konfransında çıxış edən H.Fidan Türkiyə ilə Hindistan arasında diqqətəlayiq bir ixtilafın olmadığını, müsbət münasibətləri davam etdirmək üçün isə güclü əsasların mövcudluğunu qeyd edib.

H.Fidan konfransdan sonrakı sual-cavab sessiyasında çıxış edərək deyib: "Hindistan ilə mükəmməl münasibətlər qurmaq istəyirik. Hindistan ile sərhədimiz yoxdur və Hindistan ilə həll olunmamış ikitərəfli bir məsələmiz də mövcud deyil."

Türkiyə və Hindistanın keçmişdə hər hansı bir münaqişə yaşamadığını bildirən H.Fidan bunun əvəzinə yaxşı əlaqələr qurmaq üçün hər cür əsaslı səbəbə sahip olduqlarını diqqətə çatdırıb.

Xarici işlər naziri rəsmi Ankaranın Pakistan ilə uzun müddətdir davam edən münasibətlərinin tarixi həmrəyliyə söykəndiyini qeyd edərək, bu əlaqələrin Yeni Dehli rəhbərliyi ilə əməkdaşlığın önündə maneə kimi görülməməsi lazım olduğunu vurğulayıb.

H.Fidan deyib: "Türkiyə müəyyən məsələlərdə Pakistan ilə yaxşı münasibətdə və tarixi həmrəylik içində olan yeganə ölkə deyil."

Türkiyənin digər böyük ölkələrlə əlaqələrini nümunə göstərən Hakan Fidan dövlətlərin ixtilafları ayrı-ayrılıqda nəzərdən keçirə bilmələrinin və ortaq maraq sahələrində irəliləmələrinin vacibliyini ifadə edib.

Türkiyənin xarici işlər naziri fikirlərinə belə davam edib: "Məsələn, müəyyən mövzularda Rusiya ilə, müəyyən məsələlərdə Amerika Birləşmiş Ştatları və bəzi Avropa ölkələri ilə fikir ayrılıqlarımız var, lakin bir mənfi məsələni digərindən ayıra bilirik. Yəni bəzi problemləri mötərizəyə ala və müsbət gündəliklə yola davam edə bilərik."

Bənzər bir yanaşmanın rəsmi Ankara ilə Yeni Dehli arasındakı münasibətlərə də rəhbərlik etməli olduğunu söyləyən H.Fidan deyib: "Məncə, Türkiyə ilə Hindistan arasında edilməli olan şey də budur, çünki birlikdə çox iş görə bilər, bir-birimizdən faydalana bilərik və biz bu istiqamətdə addımlayacaq qədər yetkinik."

Qeyd edək ki, Hindistan ilə Türkiyə arasındakı münasibətlər 2025-ci ilin may ayındakı dörd günlük Hindistan-Pakistan müharibəsindən sonra çətin bir dövrə qədəm qoyub. Yeni Dehli rəhbərliyi böhran zamanı rəsmi Ankaranın hindistanlılar tərəfindən törədilən hücumları pisləməsinə və Pakistana dəstək verməsinə reaksiya göstərib.

Lakin Türkiyənin daha sonra müharibəyə səbəb olan, Kəşmirin Hindistanın idarəçiliyində olan hissəsində 2025-ci il aprelin 22-də mülki şəxslərə qarşı törədilən terror hücumunu da ilk pisləyən ölkələr arasında yer aldığını qeyd etmək lazımdır. Türkiyə Xarici İşlər Nazirliyi elə həmin gün yaydığı bəyanatda bu hadisəni "mənfur hücum" adlandıraraq pisləmişdi.

Həmçinin Türkiyə dövləti Hindistanın 2025-ci il mayın 6-da Pakistandakı mülki infrastrukturu hədəf alan hücumlarından sonra Yeni Dehli hakimiyyətinin addımlarını pisləyib və İslamabadın 22 apreldəki terror hücumunun araşdırılmasına dair çağırışını dəstəkləyib.

 

Diplomatik təmasların yenidən qurulması

Qeyd edək ki, H.Fidan bu açıqlamaları keçən yay baş verən hadisələrdən bəri davam edən gərginlik dövrünün ardından iki ölkə arasında yenidən diplomatik təmas əlamətlərinin ortaya çıxdığı bir vaxtda verib.

Hindistan nümayəndələri aprel ayında, dörd ildən sonra ilk dəfə təşkil olunan Hindistan-Türkiyə Xarici İşlər Nazirlikləri Siyasi Məsləhətləşmələrinin 12-ci iclası üçün Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekincini Yeni Dehliyə dəvət edib.

Səudiyyə Ərəbistanı, Oman və Birləşmiş Ərəb Əmirliklərində keçmiş səfir vəzifələrini icra etmiş təcrübəli hindistanlı diplomat Talmiz Əhməd Türkiyə XİN rəhbəri H.Fidanın sözlərinin və son proseslərin rəsmi Ankara-Yeni Dehli rəhbərliyi münasibətləri üçün müsbət siqnallar olduğunu qeyd edib.

T.Əhməd deyib: "Hər iki tərəfdə də keçmişi arxada qoymaq və münasibətlərin necə bərpa edilə biləcəyini görmək niyyətinin olduğu müşahidə edilir.”

 

Ortaq maraqlar

Bəzi siyasi ixtilaflara baxmayaraq, T.Əhməd Türkiyə ilə Hindistanın mühüm ortaq maraqlarının olduğunu və ikitərəfli əlaqələrin hələ tam istifadə edilməmiş böyük bir potensiala sahib olduğunu ifadə edib.

Hindistanlı diplomat Türkiyənin infrastrukturun inkişafı, istehsalat, energetika üzrə tranzit və loqistika sahələrindəki güclü tərəflərinə diqqət çəkib.

T.Əhməd deyib: "Türkiyə infrastruktur sektorunda mühüm bir aktordur və dünya liderləri sırasındadır. Energetika sahəsi üzrə tranzit və ticarət koridorları mövzusunda unikal təcrübəyə malikdir. Fikrimcə enerji məsələləri çox mühüm olacaq."

Qərbi Asiyada qeyri-sabitlik davam edərkən T.Əhməd rəsmi Ankara ilə Yeni Dehli hakimiyyəti arasındakı dialoqun strateji əhəmiyyətini də qeyd edərək deyib: "Qərbi Asiyada baş verənlərdən birbaşa təsirlənən iki böyük ölkə olaraq Hindistan və Türkiyənin bir-biri ilə əlaqədə olması vacibdir. Hər zaman eyni fikirdə olmaya bilərik, lakin bir-birimizlə dialoq şəraitində olmalıyıq."

Strateji və iqtisadi müstəvidən əlavə, Türkiyə ilə Hindistan uzunmüddətli güclü mədəni əlaqələrə sahibdir. Son illərdə hindistanlı turistlər arasında getdikcə populyar bir məkana çevrilən Türkiyə xüsusilə İstanbul və ölkənin Aralıq dənizi sahilindəki bölgələrində dəbdəbəli hind toylarının keçirilməsi üçün üstünlük verilən yerə çevrilib.

Bu əlaqələr əyləncə sektoru vasitəsilə də güclənib. Son illərdə Türkiyədə çəkilən bəzi “Bollivud” filmləri hindistanlı tamaşaçılara ölkənin mənzərələrini, mədəniyyətini və tarixi irsini tanıdıb. Eyni şəkildə, Türkiyə teleserialları da Hindistanın bəzi bölgələrində geniş izləyici kütləsi toplayıb və iki cəmiyyət arasında mədəni yaxınlığın artmasına töhfə verib.

Bu qarşılıqlı əlaqənin ən diqqətçəkən nümunələri kimi “Bollivud” ulduzu Amir Xanın 2017 və 2020-ci illərdə Türkiyəyə etdiyi səfərlər olub. Bu səfərlər hər iki ölkədə böyük marağa səbəb olmaqla mədəniyyət sahəsindəki əlaqələrin davam etdiyini göstərib.

 

Çoxtərəfli forumların rolu

T.Əhməd ikitərəfli münasibətlərin inkişafına çoxtərəfli platformaların da iki ölkə arasında yeni əməkdaşlıq imkanları yarada biləcəyini söyləyib.

BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi forumlardan bəhs edən T.Əhməd daha geniş strateji maraqlar üst-üstə düşdükdə ölkələrin çox vaxt ikitərəfli ixtilafları bir kənara qoya bildiyini diqqətə çatırıb. O, deyib: "Bəli, çoxtərəfli platformalarda bəzi tərəfdaşlar arasında fikir ayrılıqları ola bilər, lakin həmin platformanın verə biləcəyi müsbət töhfələr bu fərqlilikləri kölgədə qoyursa, məncə, irəliləyə bilərik."

T.Əhməd Hindistan ilə Türkiyə arasındakı daha yaxın əməkdaşlığın hər iki tərəfə fayda gətirəcəyini, iki ölkənin regional aktorlar kimi birgə fəaliyyət göstərməsinin çoxtərəfli təşəbbüsləri və Qlobal Cənub ilə qarşılıqlı əlaqələri gücləndirə biləcəyini sözlərinə əlavə edib.

H.Fidan isə öz növbəsində Türkiyənin Hindistan ilə ikitərəfli müstəvidə bir probleminin olmadığını təkrar edərək, Yeni Dehli rəhbərliyindən ikitərəfli münasibətlərə təkcə rəsmi Ankaranın İslamabad ilə olan əlaqələri prizmasından baxmamasını istəyib.

Türkiyənin xarici işlər naziri H.Fidan deyib: “Sinqapurda dediyim kimi, Hindistan ilə ikitərəfli müstəvidə bir problemimiz yoxdur və Hindistanı məsələni fərqli bir nöqteyi-nəzərdən qiymətləndirməməyə çağırırıq."

T.Əhməd mövcud diplomatik proseslər çərçivəsində Yeni Dehlinin müsbət addımlar atmasının gözlənildiyini ifadə edib: "Əgər real olaraq belə olarsa, Hindistanın çox müsbət qarşılıq verəcəyini görəcəksiniz."

Hazırda həm rəsmi Ankara həm də Yeni Dehli hakimiyyəti bir neçə fikir ayrılığının mövcudluğuna baxmayaraq, dialoq və praktiki əməkdaşlığın mümkün olduğuna dair müsbət siqnallar verir.

H.Fidanın qeyd etdiyi kimi, əsas məsələ ixtilafları "mötərizəyə almaq" və dünyanın iki böyük gücü arasında mövzu olan daha geniş imkanlara diqqət yetirməkdir.

MƏNBƏ:TRT