DÜNYA
1 dəqiqə oxuma
Pakistanda polislə JAAC üzvləri arasında toqquşma olub
Pakistanın nəzarəti altındakı Kəşmir bölgəsində polislə fəaliyyəti qadağan olunmuş JAAC qruplaşmasının üzvləri arasında baş verən şiddətli toqquşmalarda 4-ü polis, 3-ü isə mülki şəxs olmaqla ümumilikdə 7 nəfər həlak olub, 60-dan çox insan isə yarala
Pakistanda polislə JAAC üzvləri arasında toqquşma olub
Pakistanda polislə JAAC üzvləri arasında toqquşma olub / Reuters

Pakistanın nəzarəti altındakı Kəşmir bölgəsində polislə fəaliyyəti qadağan olunmuş JAAC qruplaşmasının üzvləri arasında baş verən şiddətli toqquşmalarda 4-ü polis, 3-ü isə mülki şəxs olmaqla ümumilikdə 7 nəfər həlak olub, 60-dan çox insan isə yaralanıb. İnsidentin qeydə alındığı Ravalakot bölgəsinin ali mülki rəsmisi Sərdar Vahid və yerli polis idarəsi itkilərin sayını təsdiqləyərək, gərginliyin artdığını bildiriblər. Təhlükəsizlik tədbirləri çərçivəsində JAAC qruplaşmasının regional qərargahı bağlanıb, həmçinin Kəşmirin ən böyük şəhəri olan Müzəffərabadda kütləvi toplaşmalara qadağa qoyulub. Hazırda şəhərdə biznes obyektlərinin fəaliyyətini davam etdirdiyi və təhlükəsizlik qüvvələrinin patrul xidməti apardığı bildirilir.

Özlərinin "terrorçu" elan edilməsini siyasi təqib adlandıran JAAC üzvləri qanuni iqtisadi və siyasi hüquqları uğrunda mübarizə apardıqlarını iddia edirlər. Hakimiyyət orqanları isə son bir neçə gündə qruplaşmanın 70-dən çox fəalının həbs olunduğunu təsdiqləyib.

Qeyd edək ki, analoji toqquşmalar ötən ilin sentyabr ayında da qeydə alınmış və Himalay dağları ətəyindəki bu regionda günlərlə davam edən iğtişaşlar nəticəsində 9 nəfər həlak olmuşdu. Kəşmir bölgəsi Britaniya müstəmləkəçiliyindən sonra iki ölkə arasında bölünsə də, həm Hindistan, həm də Pakistan bu əraziyə bütövlükdə sahib olmaq istəyir.