SİYASƏT
4 dəqiqə oxuma
Trampın "İran ilə böyük saziş" iddiasına Tehrandan "hələ dəqiq qərar verilməyib" cavabı
Tramp İranla ABŞ-İsrail müharibəsini dayandırmaq üçün razılaşmanın bu həftə sonu imzalanacağını açıqladı, amma Tehran hələ də heç nəyin dəqiq olmadığını bildirdi
Trampın "İran ilə böyük saziş" iddiasına Tehrandan "hələ dəqiq qərar verilməyib" cavabı
İranlı qadın Tehranda bir küçədə ABŞ əleyhinə divar rəsminin yanından keçir. / Reuters

Tramp ABŞ-İsrailin İrana qarşı müharibəsini bitirməyi hədəfləyən sazişin bu həftə sonu imzalana biləcəyini açıqlayaraq İrana qarşı hərbi hücumları ləğv etdiyini bəyan etdi. Tehran rəhbərliyi isə hələ heç bir şeyin dəqiqləşmədiyini bildirdi.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ABŞ və İsrailin İrana qarşı apardığı müharibəni sona çatdıracaq "böyük bir razılığa" gəlindiyini və sazişin bu həftə sonu kimi yaxın bir tarixdə Avropada imzalanmasını gözlədiyini açıqladı.

İyunun 14-də Ağ Evdə 80 illik yubileyi münasibətilə qəfəs döyüşü yarışına ev sahibliyi edəcək olan Tramp iyunun 11-də verdiyi açıqlamada imza mərasimində Vaşinqtonu ABŞ-nin vitse-prezidenti Cey Di Vensin təmsil edəcəyini bildirib.

ABŞ liderinin bu iddiası İrana qarşı yeni hava hücumları təşkil etmək sözü verməsindən və ardınca bu hücumları ləğv etməsindən cəmi bir neçə saat sonra yayılıb. İran tərəfi mövzu ilə bağlı təsdiq açıqlaması verməyib Tramp isə tərəflərin hansı bəndlər üzərində razılığa gəldiyinə dair konkret detallar verməkdən yayınıb.

Oval Ofisdə jurnalistlərə açıqlamalar verən Tramp "İran ilə olan müharibəni bitirəcək böyük bir razılığa gəldik. Qarşıdan gələn bir neçə gün ərzində tamamlanmalı olan sənədlərin son variantının hazırlanmasından asılı olaraq, yəqin ki, Avropada imza mərasimi keçirəcəyik. Bu, əla bir hadisədir", -ifadələrini işlədib.

Tehran: "Qırmızı xətlərimizdən güzəştə getmərik"

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi isə Tehranın ABŞ ilə mümkün saziş barədə hələ yekun qərar vermədiyini və danışıqlarda "qırmızı xətlərindən" güzəştə getməyəcəyini vurğulayıb.

Bəqayi imza mərasiminin yeri və vaxtı ilə bağlı xəbərlərin hazırda spekulyasiyadan ibarət olduğunu və heç bir şeyin dəqiqləşmədiyini bildirib. Danışıqlar mətninin böyük bir hissəsinin formalaşdığını qeyd edən Bəqayi, lakin ABŞ tərəfinin görüşlər müddətində tez-tez mövqeyini dəyişdiyini ifadə edib.

İranın "Tasnim" xəbər agentliyi Trampın son iki ay ərzində 38 dəfə "sazişin an məsələsi olduğunu" iddia etdiyinə diqqət çəkərək, "İran mümkün bir razılaşmanı rəsmən elan edənə qədər, Trampın bu mövzuda hər bir açıqlaması əvvəlki mesajları ilə eyni şəkildə qiymətləndirilməlidir" xəbərdarlığını edib.

Tramp: "İran nüvə silahı əldə etməyəcək, Hörmüz boğazı açılacaq"

Tramp İranın ali rəhbəri Müctəba Xameneinin sazişi şəxsən təsdiqlədiyinə inandığını bildirərək, İranın "ağır zərbə aldığı" üçün masaya oturduğunu iddia edib. Saziş çərçivəsində İranın heç bir şəkildə nüvə silahı əldə etməyəcəyini və ya satın almayacağını irən sürən Tramp imzaların atılması ilə birlikdə İranın “bağladığını iddia etdiyi” strateji Hörmüz boğazının da yenidən dəniz nəqliyyatına açılacağını sözlərinə əlavə edib. Tramp razılaşma üçün "Bir az konseptual, lakin çox güclü bir anlaşma memorandumu" qiymətləndirməsini edib.

İran və ABŞ həftələrdir bir anlaşma memorandumu üzərində danışıqlar aparır. Mətbuata sızan xəbərlərdə bu razılaşmanın Tehranın nüvə proqramına dair daha ətraflı danışıqlar aparılarkən müharibəni 60-90 gün müddətinə dayandıracağı qeyd olunur. Lakin Tramp "Bir son tarix təyin etmək istəmirəm, çünki bir tarix versəm 'Baxın, müddətə əməl etmədi' deyəcəksiniz" deyib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları və İsrail İrana qarşı müharibəni 28 fevralda başlatmışdı. Aprel ayında Pakistanın vasitəçiliyi ilə kövrək atəşkəs təmin edilsə də, tərəflər son günlərdə yenidən qarşılıqlı atəş açmışdı. Müharibəni qlobal neft qiymətlərinin kəskin yüksəlməsinə və ABŞ-də inflyasiyanın son üç ilin zirvəsinə çatmasına səbəb olan Tramp "Yalnız Yaxın Şərq deyil, Yaxın Şərqdən başqa yerlər də bu inkişafa görə xoşbəxtdir",-iddiasını irəli sürüb.

Hücum planından geri addım

Son həftələrdə saziş elan etmək ilə İranı təhdid etmək arasında gedib-gələn Tramp iyunun 10-da verdiyi açıqlamada Tehranı "özlərini sadəlövh yerinə qoymaqda" ittiham etmişdi. İyunun 11-də səhər isə İrana həmin axşam "çox şiddətli" hücumlar təşkil edəcəyini öhdəsinə götürən Tramp gərginliyi artıracaq addımla ölkənin kritik neft infrastrukturunu ələ keçirməcəyi vədini vermişdi.

Tramp sosial media hesabından etdiyi paylaşımda "Yaxın gələcəkdə Xarq adasını və digər neft infrastrukturu nöqtələrini ələ keçirəcəyik; eynilə Venesuelada etdiyimiz kimi İranın neft və təbii qaz bazarlarının bütün nəzarətini öhdəmizə götürəcəyik", -ifadələrini işlətmişdi. İranın neft ixracı mərkəzinin mərkəzi olan Xarq adası ölkə iqtisadiyyatının can damarı rolunu oynayır.

Lakin bu paylaşımından bir neçə saat sonra geri addım atan Tramp"Son bəndləri aidiyyatı olan bütün tərəflər təsdiqlədi. İran İslam Respublikası ilə aparılan danışıqların İran rəhbərliyinin ən yüksək səviyyəsinə çatdırıldığı və təsdiqləndiyi reallığından hərəkət edərək, bu axşam İrana qarşı planlaşdırılan hücum və bombardmanları ləğv etdim", -deyə açıqlama verdi. Tramp hücumları ləğv etdiyini elan etdikdən iki saat sonra da saziş əldə edildiyini açıqladı.

Netanyahunun ofisindən verilən açıqlama

İyunun 11-də gec saatlarda İsrail Baş naziri Benjamin Netanyahunun ofisindən verilən açıqlamada Trampın hər hansı bir ABŞ-İsrail-İran sazişinin Tehranın zənginləşdirilmiş nüvə materiallarını ölkədən çıxarmasını ehtiva edəcəyinə dair söz verdiyi iddia edildi.

İki lider arasındakı telefon danışığından sonra Netanyahunun ofisindən “X” platforması vasitəsilə edilən açıqlamada deyilib:

"İsrail bu anlaşma memorandumuna tərəf olmasa da, Baş nazir danışıqların sonunda əldv ediləcək yekun sazişin; zənginləşdirilmiş materialın uzaqlaşdırılmasını, zənginləşdirmə infrastrukturunun ləğv edilməsini, raket istehsalının məhdudlaşdırılmasını və İranın bölgədəki terror qollarına verdiyi dəstəyə son qoyacağına dair Prezident Trampın ortaya qoyduğu qətiyyətdən məmnunluq duyur".