İranın xarici işlər naziri Abbas Əraqçi deyib: "Livan və İran cəbhələri müəyyən dərəcədə bir-biri ilə bağlı və asılı vəziyyətə gəlib; İran İslam Respublikası Livandakı müharibəni bitirməyi İranla olan müharibəni başa çatdırmaq üçün ilkin şərt olaraq gördü".
Əraqçi paytaxt Tehranda beynəlxalq missiyaların bir araya gəldiyi iclasda etdiyi çıxışda deyib: "İndi müharibəni bitirdiyimizə görə, Livandakı müharibə də başa çatacaq”.
Nazir Livandakı atəşkəsi ABŞ ilə yaxın vaxtlarda elan edilən sazişin ayrılmaz tərkib hissəsi kimi xarakterizə edib.
Nazir Abbas Əraqçi ABŞ-İsrail ilə 28 fevralda alovlanan müharibənin İran vaxtı ilə iyunun 15-də səhər saatlarında başa çatdığını və anlaşma memorandumunun iyunun 19-da rəsmən qüvvəyə minəcəyini söyləyib.
Digər tərəfdən, İranın yarı rəsmi "Tasnim" xəbər agentliyinin məlumatına görə, iyunun 19-da İsveçrədə başlayacaq ABŞ-İran danışıqları iki mərhələdən ibarət olacaq.
Əraqçi birinci mərhələdə Hörmüz boğazı, dənizçilik məhdudiyyətləri və İranın infrastrukturunun müharibədən sonrakı yenidənqurulması kimi mövzuların müzakirə ediləcəyini, ikinci mərhələdə isə nüvə məsələlərinə və sanksiyaların ləğv olunmasına diqqət yetiriləcəyini və bunların yekun sazişlə həll olunacağını vurğulayıb.











