"Haaretz" qəzetinin yaydığı məlumata görə, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir israilli iş adamı Yaakov Elhararın qızının toyunda və bir sıra diplomatik görüşlərdə iştirak etmək məqsədilə ABŞ-ın ölkədəki səfirliyinə viza müraciəti edib. Lakin ifrat sağçı nazir səfirlik tərəfindən rəsmiləşdirmə üçün barmaq izi verməyə dəvət edildikdən sonra ABŞ-a planlaşdırılan səfərini ləğv edib. İsrail mediası digər nazirlər kimi İ. Ben-Qvirin də diplomatik viza almaq hüququnun olduğunu, lakin ABŞ səfirliyinin ondan barmaq izi tələb etməklə "qeyri-adi" prosedur tətbiq etdiyini vurğulayıb. Nazirin ofisindən verilən açıqlamada da səfirliyin viza üçün belə bir tələb irəli sürdüyü təsdiqlənib.
Səfərin maliyyələşdirilməsi məsələsi də ölkədə ciddi mübahisə mövzusuna çevrilib. "Haaretz" qəzeti İ. Ben-Qvirin ABŞ səfərinin xərclərinin israilli iş adamı Yaakov Elharar tərəfindən qarşılanmasının qanuni narahatlıqlar yaratdığını yazıb. Belə ki, İsrail İctimai Ombudsmanının sədrlik etdiyi komitə bu maliyyələşməyə rəsmi etiraz bildirib. Müvafiq etirazdan sonra İ. Ben-Qvirin səyahət xərclərinin özəl tərəfdaş tərəfindən ödənilməsi tələbini geri götürdüyü qeyd olunub.
Qeyd edək ki, İsrail qanunvericiliyinə əsasən, nazirlərə maraqların toqquşması yaratmamaq, vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməmək və ya etik qaydaları pozmamaq şərti ilə şəxsi vəsait hesabına xaricə səyahət etməyə icazə verilir.













