Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən verilən yazılı açıqlamada 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitindən əvvəl Avropanın müxtəlif şəhərlərində silsilə tədbirlərin təşkil olunduğu bildirilib.
Bəyanata əsasən, bu tədbirlər çərçivəsində Almaniyanın Konrad Adenauer Fondu (KAF) ilə əməkdaşlıq çərçivəsində Berlində "2026-cı il Ankara Zirvəsinə Gedən Yol: Avro-Atlantik təhlükəsizliyinin gələcəyinin formalaşdırılması" mövzusunda dəyirmi masa keçirilib. KAF-ın Yaxın Şərq üzrə rəsmisi Tomas Volkun moderatorluğu ilə baş tutan görüşdə Türkiyənin Berlindəki səfiri Gökhan Turan, Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş məsləhətçisi Akif Çağatay Kılıç, NATO Parlament Assambleyasının üzvü, Ədalət və İnkişaf Partiyasının İstanbul üzrə millət vəkili Oğuz Üçüncü və KAF-ın baş katibi Dr. Mark Speyç açılış nitqi ilə çıxış ediblər. Müxtəlif qurumların rəsmiləri, siyasətçilər və ekspertlərin iştirak etdiyi görüşdə Türkiyə-NATO münasibətləri və qlobal proseslər müzakirə olunub.
Qlobal münaqişələr və qeyri-sabitlik fonunda Ankara sammitinin üzv dövlətlər arasında birlik və həmrəyliyi gücləndirmək baxımından tarixi bir dönüş nöqtəsi olacağı vurğulanıb. Həmçinin Rusiya-Ukrayna müharibəsinin yaratdığı qeyri-müəyyənlik və Yaxın Şərqdə dərinləşən böhranlar fonunda NATO-nun təhlükəsizlik qalxanı rolunun daha da əhəmiyyət qazandığı qeyd edilib.
Dəyirmi masada Türkiyə ilə Almaniya arasında xüsusilə müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb, eyni zamanda, Türkiyənin alyansa daxil olduğu vaxtdan bəri verdiyi hərbi-siyasi töhfələr və yerinə yetirdiyi strateji missiyalar yüksək qiymətləndirilib.

















