Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 25-də Kanadaya səfər edəcək. Bu barədə Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib. Məlumata əsasən, Hakan Fidan səfər çərçivəsində Torontodakı Darlington Nüvə Kompleksini ziyarət edəcək.
Hakan Fidanın Ottavada kanadalı həmkarı Anita Anand ilə görüşü planlaşdırılır. Danışıqlar zamanı Türkiyə-Kanada münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması, əməkdaşlığın dərinləşdirilməsi və şaxələndirilməsi ilə bağlı rəsmi Ankaranın gözləntiləri qarşı tərəfə çatdırılacaq.
Nazir Hakan Fidan həmçinin tərəflər arasında başlanmış Azad Ticarət Sazişi prosesinin ləngimədən yekunlaşdırılması ilə bağlı Türkiyənin gözləntilərini diqqətə çatdıracaq. Səfər çərçivəsində nüvə enerjisi də daxil olmaqla enerji sektorunda yeni əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi, müdafiə sənayesi və ikitərəfli hərbi münasibətlər üçün müqavilə bazasının yaradılması istiqamətində birgə addımların sürətləndirilməsi müzakirə olunacaq.
Qeyd edək ki, son dövrlər iki ölkə arasında diplomatik görüşlər intensiv xarakter alıb. Belə ki, Kanadanın xarici işlər naziri Anita Anand sonuncu dəfə cari ilin 17 martında Türkiyəyə səfər edib.
















