Ankaranın ev sahibliyində keçirilən NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı çıxış edən ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqə saxladığını və Ukraynadakı müharibənin tezliklə sona çatacağına ümid etdiyini bildirib. Donald Tramp deyib: "Rusiya Prezidenti ilə uzun-uzun söhbət etdik. Daha sonra isə Ukrayna Prezidenti ilə əlaqə saxladım. Hesab edirəm ki, hər iki tərəf razılığa gəlmək istəyir və biz bu problemi tezliklə yoluna qoyacağıq".
Donald Tramp həmçinin Qrenlandiyanın Danimarka deyil, ABŞ tərəfindən idarə olunmalı olduğunu diqqətə çatdırıb. Trampın Qrenlandiya ilə bağlı açıqlamaları Avropada gərginliyə səbəb olmuş və məsələ sonradan diplomatik müstəvidə müzakirə mövzusuna çevrilmişdi.
"Qrenlandiyaya Danimarka yox, ABŞ nəzarət etməlidir" deyən Donald Tramp Qrenlandiya üzərində nəzarət məsələsinin ABŞ-ın NATO ilə münasibətlərinə zərər vurduğunu vurğulayıb.
ABŞ lideri deyib: "NATO ilə münasibətlərimə zərər verən də məhz budur, çünki Qrenlandiya Danimarkaya kömək etmir. Danimarka əslində Qrenlandiyaya kömək etmək üçün pul xərcləmir, amma bu, ABŞ üçün vacib bir yerdir və Çin ilə Rusiya gəmiləri ilə əhatə olunub. Buna icazə verilməyəcək".
Danimarkanın bu təkliflə razılaşmadığını qeyd edən Donald Tramp ABŞ-nin Rusiya məsələsində onlara kömək etmək üçün çoxlu pul xərclədiyini qeyd edib. ABŞ dövlət katibi Marko Rubio isə iyun ayında verdiyi açıqlamada Danimarka və Qrenlandiya ilə danışıqların davam etdiyini bildirib.















