DÜNYA
2 dəqiqə oxuma
Qəzzada xərçəng xəstələri isti havada və çadır şəraitində həyatda qalmaq üçün mübarizə aparırlar
Xaricdə müalicə almaqdan başqa ümidi qalmayan fələstinli xərçəng xəstələri Qəzza zolağında dərman çatışmazlığı və uyğun olmayan şərtlərdə...
Qəzzada xərçəng xəstələri isti havada və çadır şəraitində həyatda qalmaq üçün mübarizə aparırlar
(ARXİV) Yeganə ümidləri Qəzzadan kənarda müalicə almaq olan xərçəng xəstələri qızmar günəş altında çadırlarda həyat mübarizəsi aparırlar.

Xaricdə müalicə almaqdan başqa ümidi qalmayan fələstinli xərçəng xəstələri Qəzza zolağında dərman çatışmazlığı və uyğun olmayan şərtlərdə həyatda qalmaq üçün mübarizə aparırlar.

Xan Yunis şəhərinin Əl-Məvasi bölgəsində yerləşən Nəsir xəstəxanasının tibb heyəti və xəstələri Ttürkiyənin "Anadolu" xəbər agentliyinə (AA) müsahibələrində səhiyyə sisteminin çökdüyünü və müalicə prosesinin faciəyə çevrildiyini bildiriblər.

Onkologiya şöbəsinə çatmaq üçün qızmar günəş altında uzun məsafələr qət edən xəstələr tibbi ləvazimat yetərsizliyi səbəbindən saatlarla növbələrdə gözləməyə məcbur olurlar. Bölgədə müvafiq tibbi avadanlıqların və ixtisaslaşdırılmış müalicə imkanlarının olmaması səbəbindən xəstələr xaricə təxliyə olunmaq ümidi ilə aylarla, hətta illərlə gözləməli olurlar.

Xərçəng xəstələri səssiz ölümə məhkum edilir

Nəsir Xəstəxanasının Qəzza Xərçəng Mərkəzinin Onkologiya və Hematologiya şöbəsinin müdiri dr. Salehi Mustafa Şeyx əl-İd xəstələrin daimi köçkünlük, qida və dərman qıtlığı, eləcə də ətraf mühitin çirklənməsi səbəbindən kəskin əziyyət çəkdiklərini vurğulayıb.

Xərçəng dərmanlarının tükənmək üzrə olduğunu bildirən dr. Əl-İd deyib: "Qəzza zolağında təxminən 11 min xərçəng xəstəsi var. Onlardan 4 minə yaxınının xaricə təxliyə müraciətinə baxılır. Hər gün 2-3 xəstəmizi itiririk. Yaşlı xəstələrin səfər etmək imkanı yoxdur və onlar üçün heç bir müalicə tətbiq olunmur. Bu insanları ölümə tərk edirik".

Mənbələr bölgədəki 11 min xərçəng xəstəsindən təxminən 4 mininin təcili kimyaterapiya, radioterapiya və bioloji müalicəyə ehtiyacı olduğunu, lakin bu imkanların Qəzzada tamamilə tükəndiyini diqqətə çatdırırlar.