İraqın xarici işlər naziri Fuad Hüseyn İraq Kürdüstan Regional İdarəsinin (İKRH) Baş naziri Məsrur Bərzaninin ofisinin və Kəşfiyyat İdarəsinin rəisinin iqamətgahının hədəfə alınmasından sonra İrandan "dəqiq və rəsmi bəyanat" tələb edib.
İraq Xarici İşlər Nazirliyinin açıqlamasına görə, XİN rəhbəri F.Hüseyn hücumlardan sonra iranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığı aparıb.
Söhbət zamanı Hüseyn "Əvvəlki hücumlar İran tərəfindən bölgədə müxalif qrupların mövcudluğu arqumenti ilə əsaslandırılırdı", -deyə bildirib və son zərbələrin kritik infrastrukturu hədəf aldığına diqqət çəkib.
Hüseyn, həmçinin "Bu vəziyyət bölgədə gərginliyi artıracaq və sabitliyi təhdid edəcək təhlükəli gərginlik təşkil edir", -ifadələrini işlədib.
Hücumu kəskin pisləyən Fuad Hüseynin Tehran administrasiyasından bu zərbələr, onların arxasında dayanan tərəflər və səbəblər barədə mövqeyini dəqiqləşdirən rəsmi bəyanat verməsini tələb etdiyi vurğulanıb.
Məlumata görə, görüş zamanı Əraqçı "ölkəsinin gərginliyi artıracaq və vəziyyəti gərginləşdirəcək hər hansı addımı rədd etdiyini" bildirib və İranın insidentlə bağlı rəsmi açıqlama verəcəyinə söz verib.
Bərzaninin şəxsi ofisinə hücum
Kürdüstan Regional Rəhbərliyinin Terrorla Mübarizə İdarəsinin yazılı bəyanatında bildirilir ki, ötən gün yerli vaxtla saat 00:28-də "İran tərəfindən idarə olunduğu iddia edilən" iki ədəd partlayıcı yüklənmiş "Hadid-110" tipli PUA Baş nazirin şəxsi ofisinə və Ərbilin Səlahəddin rayonunda yerləşən Kəşfiyyat rəisinin iqamətgahına zərbə endirib.
Hücum nəticəsində insan tələfatının olmadığı qeyd edilib.
İraq Kürdüstan Regional İdarəsinin Baş naziri Məsrur Bərzani sosial media hesabındakı bəyanatında regionun təhlükəsizliyinə və sabitliyinə birbaşa təhdid kimi qiymətləndirdiyi bu hücumu kəskin şəkildə pisləyib.

















