Ankara Baş Prokurorluğu cinayətkar təşkilata qarşı keçirilən əməliyyat çərçivəsində qruplaşmanın rəhbəri olduğu iddia edilən Əlihan Kuriş də daxil olmaqla, 30 şübhəlinin saxlanıldığını bildirib. Ümumilikdə isə 49 nəfər haqqında həbs qərarı çıxarılıb.
Məlumata əsasən, əməliyyat 17 vilayətdə keçirilib. Hüquq-mühafizə orqanları 43-ü yaşayış yeri olmaqla, ümumilikdə 123 ünvanda axtarış əməliyyatları həyata keçirib.
İstintaq çərçivəsində sosial və ya dini fəaliyyət deyil, birbaşa qruplaşmanın cinayətkar əməlləri araşdırılır. Şübhəlilər korrupsiya, çirkli pulların yuyulması, iri şirkətlər vasitəsilə şübhəli pul axınlarının yaradılması və milyardlarla lirəlik kommersiya fırıldaqçılığında ittiham olunurlar.
Məlumata görə, təşkilatla bağlı şəxs və şirkətlər vasitəsilə xaricə 100 milyard lirədən çox pul ötürülüb. Eyni zamanda, xaricdən edilən pul transferlərinin İsraillə əlaqəsinin olub-olmadığı da araşdırılır.



















