İlin ən güclü qasırğası kimi qiymətləndirilən "Dolfin" qasırğası Şanxayda güclü yağışlara, daşqınlara və nəqliyyatın hərəkətində ciddi axsamalara səbəb olub. Nəticədə 1 000-ə yaxın reys ləğv edilib.
Yerli medianın yaydığı məlumata görə, güclü yağış və şiddətli küləklə Çinin şərqində təsirini göstərən "Dolfin" qasırğası hava, dəmir yolu və dəniz nəqliyyatının iflic olmasına, eləcə də bölgədə 1,5 milyondan çox insanın təxliyəsinə gətirib çıxarıb.
Vencouda təxminən 900 min, Çjetszyan əyalətinin Taycou şəhərində isə 390 minə yaxın insan təhlükəsiz ərazilərə köçürülüb. "China Daily" nəşrinin verdiyi məlumata görə, Şanxaydakı yüksək riskli zonalardan daha 215 min nəfər təxliyə olunub.
Qasırğanın "Pudong" beynəlxalq və "Hongqiao" hava limanlarının fəaliyyətini pozması səbəbindən bu gün Şanxayda mindən çox uçuş təxirə salınıb.
Daşqın və torpaq sürüşməsi xəbərdarlığı
Qasırğa şimala doğru hərəkət etdikcə Çinin şərqində leysan yağışları davam edib. Aidiyyəti qurumlar daşqın və torpaq sürüşməsi təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər.
Yaxın günlərdə Çjetszyan əyalətinin bəzi bölgələrində 250-dən 500 millimetrədək yağıntının düşəcəyi gözlənilir.
Səlahiyyətlilər fırtına nəticəsində hələlik heç bir insan tələfatının qeydə alınmadığını bildiriblər. Lakin Çjetszyan əyalətində doqquzyaşlı uşağın dalğalar tərəfindən dənizə aparılaraq itkin düşdüyü qeyd olunub.


















