Qazaxıstanda Aral gölü ilə Xəzər dənizi bölgələrini bir-birinə bağlayacaq strateji əhəmiyyətli yeni avtomobil yolu layihəsi üçün təməlqoyma mərasimi keçirilib.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev telekofrans vasitəsilə Qızılorda-Saqsaul, Ulqaysın-Saqsaul və Beyneu-Saqsaul avtomobil yolu layihələrinin təməlqoyma mərasiminə qoşulub.
Prezident K.J.Tokayev nəqliyyat və loqistika sektorunun Qazaxıstan iqtisadiyyatının böyüməsində vacib rol oynadığını bildirib. O, layihələr çərçivəsində Xəzər dənizi bölgəsindəki Beyneu ilə Aral gölü bölgəsindəki Saqsaulu bir-birinə bağlayacaq tamamilə yeni magistral yolun inşa ediləcəyini deyib.
Yeni magistral yolun 800 kilometr uzunluğunda olacağını qeyd edən K.J.Tokayev marşrutun yalnız ölkə daxilindəki nəqliyyat əlaqələrini gücləndirməklə kifayətlənməyəcəyini vurğulayıb. Bu yol, eyni zamanda, beynəlxalq daşımalar baxımından da strateji dəhlizə çevriləcək.
Ölkə başçısı K.J.Tokayev magistral yolun Çin sərhədindəki keçid məntəqələrini Xəzər sahilindəki Aktau və Qurıq limanlarına birbaşa birləşdirəcəyinə diqqət çəkib.
"Bu layihə sayəsində Çindən Avropaya edilən avtomobil yolu daşımaları təxminən 1000 kilometr qısalacaq. Çatdırılma müddəti isə üç günə qədər enəcək", - deyə K.J.Tokayev bildirib.
Beyneu-Saqsaul marşrutunun bu səbəbdən "Aral-Xəzər Magistral Yolu" adlandırılmasının en uyğun seçim olacağını qeyd edən K.J.Tokayev layihənin Qazaxıstanın Avrasiyadakı tranzit mövqeyini daha da gücləndirəcəyini dilə gətirib.
Yerli şirkətlərin iştirakı ilə reallaşdırılacaq layihələrin tikinti prosesində 10 mindən çox insan işlə təmin olunacaq. Prezident K.J.Tokayev avtomobil yollarının istifadəyə verilməsi ilə illik yükdaşıma həcminin 2,5 dəfə artaraq 13,2 milyon tona çatmasının gözlənildiyini bildirib.
K.J.Tokayev Aral hövzəsinin çöllərində inşa ediləcək yeni yolların indiyədək çıxılmaz vəziyyətdə olan marşrutları Avrasiyanın mühüm nəqliyyat qovşaqlarına çevirəcəyini vurğulayıb. O, layihələrin ən geci 2029-cu ilə qədər başa çatdırılmalı olduğunu bildirib.



















