Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini və Türk Dövlətləri ilə Əlaqələr şöbəsinin rəhbəri professor Kürşad Zorlu Macarıstanın Bacs-Kiskun bölgəsindəki Buqaç qəsəbəsində təşkil edilən "Böyük Hun-Türk Qurultayı"nın rəsmi açılış mərasimində iştirak edib.
Çıxışı zamanı dünyanın dörd bir yanından və könül coğrafiyasından minlərlə insanın bu tədbirə qatıldığını deyən K.Zorlu sözlərinə belə davam edib: "Çıxışıma başlayarkən dost və qardaş Türkiyədən çox mühüm və səmimi salam gətirmişəm. Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın salamlarını sizə çatdırıram."
K.Zorlu Macarıstan düzənliyinin bərəkətli və müqəddəs torpaqlarında Turan Qurultayı üçün bir araya gəldiklərini qeyd edib: "Burası sıradan bir torpaq və coğrafiya deyildir. Burası Asiyanın çöllərindən qopub gələn, Dunay çayının sularına atlarını sürərək Avropada yeni bir dövr açan Böyük Hun dövlətinin və Attilanın ayaq izlərini daşıyan yaddaş məkanıdır. Əsrlərlə bir-birindən coğrafi olaraq uzaq düşmüş, lakin ruhu, qanı, dili və yaddaşı heç vaxt qopmamış böyük bir ailənin yenidən görüşməsinə şahidlik edirik."
Mərkəzi Asiyadan Macarıstana uzanan tarixi prosesin iki xalq arasında ortaq köklərlə yanaşı, mədəni və dil əlaqələrinin yaranmasının əsasını hazırladığını xatırladan K.Zorlu bu vəziyyətin Türkiyə-Macarıstan münasibətlərinə bu gün də əhəmiyyətini qoruyan güclü tarixi dərinlik qazandırdığına diqqət çəkib.
K.Zorlu Attilanın cəsarətini, Bilgə Xaqanın dövlət ağlını və törəsini mənimsəyərək gələcəyə doğru addımladıqlarını vurğulayıb.
"Bu gün 8 dövlətimizin yer aldığı TDT-nin iqtisadi dövriyyəsi 2,6 trilyon dollara çatıb"
Qazi Mustafa Kamal Atatürkün 1932-ci ildə söylədiyi fikirləri xatırladan K.Zorlu deyib: "Atatürk deyirdi ki, türklər və macarlar iki qardaş millətdir. Dilləri ilə, mədəniyyətləri ilə, kökləri ilə iki qardaş millət. Bəli, bu gün burada, macarıstanlı dostlarımızın ev sahibliyində, Avropanın mərkəzində belə bir görüş keçirməyimiz bizlər üçün bu müqəddəs yolun rəmzinə çevrilmişdir."
K.Zorlu dünyanın ciddi sınaqlardan, iqtisadi və siyasi dalğalanmalardan keçdiyinə toxunaraq, dünya sülhünə və hüzuruna töhfə vermək üçün Türk Dövlətləri Təşkilatının gələcəyə doğru əmin adımlarla irəlilədiyini bildirib.
TDT-nin bu tarixi birliyinin mühüm mərhələlərindən birinin 29-30 oktyabr tarixlərində Ankarada baş tutacağını vurğulayan K.Zorlu deyib: "Bu gün 8 dövlətimizin yer aldığı bu təşkilatımızın iqtisadi dövriyyəsi 2,6 trilyon dollara çatıb. Birliyimizi qoruyub saxlasaq, 2030-cu ildə dünyanın ilk 10 iqtisadiyyatından biri olacağıq. Təxminən 200 milyonluq əhalimizlə Avropanın və Şərqin sülh, hüzur və rifah mərkəzi kimi TDT-miz gələcəyə doğru irəliləyir. Tarixdə Hunlar Göytürklərdən necə ayrıla bilmirdisə, bu gün də Türkiyə Macarıstandan qətiyyən ayrıla bilməz."
K.Zorlu büyük mütəfəkkir İsmayıl Qaspıralının məşhur "dildə, fikirdə, işdə birlik" şüarına istinad edərək, bunun artıq sadəcə bir arzu olmadığını, bunu addım-addım həyata keçirməyə davam etdiklərini diqqətə çatdırıb.
TÜDSES (Türk Dünyası Qeyri-Hökumət Təşkilatlarına Dəstək Sistemi) adı ilə Türk dünyasının rəqəmsal platformasını Türkiyədə qurduqlarını xatırladan K.Zorlu bildirib: "Bunu mobil cihazlarımıza yükləyərək bütün Türk dünyasının bir araya gəldiyi bu rəqəmsal platformada, TÜDSES-də görüşək deyirəm."
K.Zorlu bu möhtəşəm görüşün baş tutmasında əməyi keçən başda Macarıstan Turan Fondu sədri Andraş Biro olmaqla fondun digər rəhbərlərinə, bütün Macarıstan dövlət rəsmilərinə və iştirakçılara təşəkkür edib.
Açılış mərasimindən əvvəl “Anadolu” agentliyi və TRT-yə xüsusi müsahibə verən K.Zorlu türk tarixinin dərinliklərini dərk etmək və Türkiyənin Şərq ilə Qərb arasında körpü rolunu bir daha başa düşmək üçün çox mühüm bir tədbirə qatıldıqlarını vurğulayıb.
Bütün Türk dünyasından olan iştirakçılarla Böyük Hun-Türk Qurultayı adı altında uzun müddətdir davam edən bu qurultayda iştirak etdiklərini qeyd edən K.Zorlu deyib: "Türk dünyasındakı proseslərdə, xüsusilə 8 Türk dövlətinin TDT tərkibində yer almasında və bu təşkilatın getdikcə güclənməsində Macarıstan çox mühüm mövqeyə sahibdir. Macarıstan adəta Türk dünyasının Qərbə açılan pəncərəsidir. Türkiyəmizi də Avropanın Türk dünyasına və Şərqə açılan pəncərəsi kimi tərif etdikdə, bu, həm tariximizin birliyi baxımından, həm də bu günün zərurətləri nöqteyi-nəzərindən çox mühüm bir görüş və birlikdir."
"Macarıstan və Türkiyə Türk dünyasının mühüm güc mərkəzləri olmağa davam edəcək"
K.Zorlu bu cür tədbirlərlə Türkiyə və Macarıstan əlaqələrinin, eləcə də Türkiyə-Macarıstan dostluğunun və Macarıstanın Türk dünyasındakı əhəmiyyətinin getdikcə artacağını bildirib.
Macarıstanın xüsusilə 2018-ci ildə TDT-yə müşahidəçi üzv olmasından sonra təşkilatın yeni bir baxış bucağı qazandığını vurğulayan K.Zorlu Türkiyənin və Prezident R.T.Ərdoğanın Macarıstana böyük əhəmiyyət verdiyini qeyd edib.
K.Zorlu deyib: "COP31 sammitində xüsusilə Avropanın və Macarıstanın hazırda yaşadığı su problemi və quraqlıq məsələsi ilə bağlı əməkdaşlıq etmək məcburiyyətindəyik. Orada bu istiqamətdə çox güclü bir sammit keçiriləcək. Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirimizin dəvəti ilə inşallah hər sahədə əməkdaşlığımızı artıracağıq. Nəqliyyat və enerji xətti başda olmaqla Macarıstan və Türkiyə Türk dünyasının mühüm güc mərkəzləri olmağa davam edəcək."
Macarıstandakı Türkiyə sevgisinin Türkiyə vətəndaşlarının təxmin etdiyindən də artıq olduğunu bildirən K.Zorlu bu bölgədə Türkiyə və Macarıstanın münasibətləri artırmasından və gücləndirməsindən buradakı vətəndaşların böyük məmnunluq hissi keçirdiyini söyləyib.
K.Zorlu Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Yunus Emre İnstitutu və digər Türkiyə qurumlarının buradakı fəaliyyətlərini artırması ilə Türkiyə və Macarıstan vasitəsilə Avropa və Qərbin Şərqə daha da yaxınlaşacağını qeyd edərək, bu fəaliyyətləri dəstəkləməyə davam edəcəklərini əlavə edib.
Dünən başlayan və Hun ilə Türk mənşəli toplumları bir araya gətirmək məqsədilə təşkil edilən Böyük Hun-Türk Qurultayı sabah başa çatacaq.


















