Temperaturlar Avropa, Aralıq dənizi və Yaxın Şərqdə rekordlar qırmağa davam edərkən, iqlim dəyişikliyi artıq yalnız ətraf mühit problemi hesab olunmur. Hökumətlər, müəssisələr və investorlar üçün bu məsələ artıq iqtisadi zərurətə çevrilib.
Türkiyə Antalyada ev sahibliyi edəcəyi COP31 sammitinin iqlim fəaliyyətinin növbəti mərhələsində vədlərdən daha çox icraya fokuslanacağını nümayiş etdirməyə ümid edir.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tərəf ölkələrin qlobal iqlim böhranını müzakirə etmək üçün hər il toplandığı Tərəflərin 31-ci Konfransı (COP31) bu ilin noyabr ayında Antalyada keçiriləcək. Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sammiti iqlim öhdəliklərini real layihələrə, investisiyalara və ölçülə bilən nəticələrə çevirməyə yönəlmiş bir “icra COP-u” kimi xarakterizə edir.
Bu çağırış Türkiyənin getdikcə daha ciddi iqlim təzyiqləri ilə qarşı-qarşıya qaldığı dövrə təsadüf edir.
Bu konfrans Ankaradakı siyasətçilər üçün diplomatik bir dönüş nöqtəsindən daha böyük məna kəsb edir. Sammit Türkiyənin genişlənən bərpa olunan enerji hədəflərini, iqlim qanunvericiliyini və dövri iqtisadiyyat təşəbbüslərini nümayiş etdirmək imkanı yaradır. Eyni zamanda, beynəlxalq investorları Türkiyənin regionda aparıcı yaşıl investisiya mərkəzlərindən birinə çevrilməyə hazır olduğuna inandırmaq üçün əla şansdır.
İmpakt investisiyaları sahəsində fəaliyyət göstərən “SEED Ventures” şirkətinin təsisçisi Faraz Xan COP31-in əhəmiyyətinin, nəticə etibarilə, Antalyada verilən bəyanatlarla deyil, konfransın uzunmüddətli investisiyalara imkan yaradıb-yaratmayacağı ilə dəyərləndiriləcəyinə inanır.
Xan Türkiyənin iqlim səyləri, investisiya imkanları və iqlim fəaliyyətində biznes dünyasının rolu ilə bağlı "TRT World"ə verdiyi ətraflı müsahibəsində deyib: “COP31 iqlim maliyyələşdirilməsinin real müəssisələr və icmalar üçün səmərəli işləməyə başladığı bir platforma olmalıdır.
Mənim rolum iqlim sazişləri üzrə danışıqlar aparmaq deyil. Məqsədim ictimai hədəfləri investorların həqiqətən maliyyələşdirə biləcəyi konkret layihələrlə birləşdirməkdir”.
Xan iyun ayında London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Murat Kurum tərəfindən təşkil edilən COP31 Türkiyə Yüksək Səviyyəli Biznes Dəyirmi Masa Görüşündə iştirak edib.
Qapalı qapılar arxasında keçirilən görüş Türkiyə rəsmilərini “BlackRock”, “Goldman Sachs”, Dünya Bankı, BBVA, “Shell”, “Schneider Electric”, “Koç” holding, “Sabancı” holding və Ziraat Bankı kimi böyük maliyyə təsisatları, çoxmillətli şirkətlər və inkişaf təşkilatlarının nümayəndələri ilə bir araya gətirib. Görüşdə özəl kapitalın Türkiyənin aşağı karbonlu iqtisadiyyata keçidini necə dəstəkləyə biləcəyi müzakirə olunub.
Xan görüşün məxfi xarakteri səbəbindən fərdi müzakirələrin təfərrüatlarını açıqlamasa da, bir mesajın aydın şəkildə ortaya çıxdığını deyib: COP31 kağız üzərindəki hədəflərdən konkrət addımlara keçməlidir.
Türkiyə Londondakı danışıqlar zamanı külək və günəş enerjisi gücünü 2026-cı ilin may ayı etibarilə mövcud 42 giqavat (QV) səviyyəsindən 2035-ci ilə qədər 120 giqavata çatdırmaq planını açıqlayıb. Bu plan təxminən 108 milyard dollarlıq istehsal investisiyası, eləcə də kiçik şəbəkələr və ümumilikdə elektrik şəbəkəsinin modernləşdirilməsi üçün təxminən 28-30 milyard dollarlıq əlavə vəsait tələb edir.
Bu strateji hədəf Bərpa Olunan Enerji Mənbələri Əraziləri (YEKA) üçün illik dövlət tenderləri təşkil edərək və layihələrin təsdiq müddətini 4 ildən 2 ilə qədər endirməklə hər il ən azı 7,5-8 giqavat yeni gücün dövriyyəyə buraxılması deməkdir.
Faraz Xan külək və günəş enerjisinin ümumi payının 21,4 faizə çatmasına və 2024-cü ildə ümumi istixana qazı emissiyalarının 5,3 faiz artaraq 584,5 milyon ton CO₂ ekvivalentinə (MtCO₂e) yüksəlməsinə baxmayaraq, 2025-ci ildə elektrik istehsalının 33,6 faizinin kömürdən, 23 faizinin isə təbii qazdan əldə edilməsi səbəbilə bu təcililiyin tamamilə məntiqli olduğunu izah edib.
Neft və təbii qaz ehtiyacının böyük hissəsini idxal edən Türkiyə üçün yerli bərpa olunan enerji istehsalını artırmaq və elektrik şəbəkəsinin dözümlülüyünü möhkəmləndirmək enerji təhlükəsizliyi strategiyasının əsas dayaqları olaraq qalır.
Xan investorların Türkiyənin bərpa olunan enerji potensialına onsuz da inandıqlarını dəfələrlə vurğulayıb. Onun sözlərinə görə, investorların sualları daha çox tənzimləmə qeyri-müəyyənliklərinin aradan qaldırılması, icazə müddətləri, elektrik şəbəkəsinin gücü, karbon qiymətləndirilməsi və adətən iyirmi il və ya daha çox sürən investisiyalar üçün zəruri olan sabitlik kimi praktiki məsələlər ətrafında cəmləşir.
Hökumətlər hər zamankından daha iddialı emissiya hədəfləri bəyan etmək əvəzinə, özəl investisiyaları cəlb edə biləcək real layihələri həyata keçirə biləcəklərini sübut etmək təzyiqi altındadırlar.
Türkiyə də COP31 ərəfəsində məhz bu yanaşmanı mənimsəyib.
Türkiyə hökuməti karbon bazarları, emissiya ticarəti və iqlim maliyyələşdirilməsi üçün hüquqi çərçivəni formalaşdırmaq məqsədilə hazırladığı yeni iqlim qanunvericiliyini qüvvəyə mindirib.
Yeni iqlim qanunu 2025-ci ilin iyul ayının əvvəlində qüvvəyə minərək ölkənin iqlim fəaliyyəti üçün ilk əhatəli hüquqi bazanı təmin edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ictimaiyyət qarşısında bu qanunun əhəmiyyətini vurğulayaraq, iqlim siyasətinin artıq emissiya ticarəti sistemini də əks etdirən və Türkiyənin uzunmüddətli xalis sıfır hədəfinə əsaslanan geniş siyasi strategiyanın bir hissəsi olduğunu bildirib.
Dünya Bankının təxminlərinə görə, Türkiyənin dözümlü xalis sıfır yol xəritəsi üçün 2022-ci ildən 2040-cı ilə qədər 165 milyard dollarlıq əlavə investisiya tələb olunur. Bu investisiyanın təxminən yarısının özəl sektordan gəlməsi gözlənilsə də, 2040-cı ilə qədər prosesin 146 milyard dollarlıq potensial xalis fayda təmin edəcəyi proqnozlaşdırılır.
Lakin investorlar üçün əsas sınaq bu planların uğurlu icrasıdır.
Faraz Xan deyib: “Kapital bu mövzuya maraqlıdır və hazırdır, lakin Türkiyə elan etdiyi siyasət hədəflərini riskləri azaldılmış, müqaviləyə bağlanmış və izlənilə bilən real layihələrə çevirdikdə maliyyə axını hərəkətə keçəcək”.
İqlim dözümlülüyü nə üçün iqtisadi zərurətə çevrildi?
İqlim dəyişikliyi yalnız ətraf mühit siyasətini deyil, iqtisadi qərarqəbuletmə proseslərini də yenidən formalaşdırır.
Xan "TRT World"ə açıqlamasında investorlar üçün iqlim riskinin artıq ekoloji, sosial və korporativ idarəetmə (ESG) hesabatlığından kənara çıxaraq, birbaşa maliyyə təhlilinin mərkəzində yer aldığını bildirib.
“İqlim riski artıq investisiyanın qiymətləndirilməsi prosesinin ayrılmaz hissəsidir. Çünki bu risk gəlirlərə, əməliyyat xərclərinə, sığortaya, infrastruktura və nəticədə aktivlərin uzunmüddətli qiymətinə birbaşa təsir edir”,-deyə Xan qeyd edib.
2025-ci ildə, 1 oktyabr–30 sentyabr tarixlərini əhatə edən su ilinin ilk 11 ayında Türkiyədə yağıntının miqdarı 1991–2020-ci illər ortalamasından 27 faiz aşağı düşərək 401,1 mm-ə enib; bu, son 52 ilin ən aşağı göstəricilərindən biridir. Eyni zamanda Silopidə 50,5 °C ilə ölkə tarixinin temperatur rekordu qeydə alınıb; 2026-cı ilin fevral ayı isə çoxillik orta istilik olan 3,5 °C daha isti keçib.
Kənd təsərrüfatı bu prosesdə ən çox risk altında olan sektor olaraq qalır. Türkiyə dünyanın aparıcı aqrar istehsalçılarından biri olsa da, yüksələn temperaturlar və azalan yağıntılar məhsuldarlığı təhdid edir, onsuz da gərgin olan su ehtiyatları üzərindəki təzyiqi artırır.
Türk iqtisadiyyatının digər sütunu olan turizm sektoru da getdikcə daha həssas hala gəlir.
Ölkə 2025-ci ildə turizmdən 65,2 milyard dollar gəlir əldə edib. Antalya da daxil olmaqla Aralıq dənizi sahili hər il milyonlarla turisti cəlb edir. Lakin uzun sürən isti hava dalğaları, su qıtlığı və meşə yanğınlarının intensivləşməsi otellər, nəqliyyat infrastrukturu və mövsümi turizm üçün ciddi risklər yaradır.
Xan investorların iqlimə dözümlülük amilini getdikcə daha çox iqtisadi zərurət kimi gördüklərini vurğulayıb.
İqlim öhdəliklərindən iqlim fəaliyyətlərinə
Ankara 2021-ci ildə Paris Sazişini təsdiqlədikdən bəri iqlim siyasəti çərçivəsini mərhələli şəkildə genişləndirib.
Lakin Xanın fikrincə, iddialı hədəflər təkbaşına kifayət deyil: “Beynəlxalq investorlar hazırda Türkiyəni yüksək potensiala malik, lakin icraya həssas olan iqlim bazarı kimi görürlər. Ölkənin sənaye dərinliyi, Aİ Gömrük İttifaqına çıxışı, böyük daxili tələbatı və bərpa olunan resurs bazası cəlbedici olsa da, inflyasiya, məzənnə riski, icazə prosesləri və siyasətin proqnozlaşdırılan olması hələ də kapital dəyərinə təsir edir.”
Proses milli iqlim hədəflərini bankların maliyyələşdirə biləcəyi layihələrə çevirmək deməkdir. Bunun üçün dəqiq tender təqvimləri, şəffaf icazə prosesləri, etibarlı şəbəkə qoşulmaları, möhkəm monitorinq sistemləri və seçki dövrlərindən çox sonraya uzanan tənzimləmələr lazımdır.
Xan bu inamı formalaşdırmağın ən effektiv yollarından birinin bərpa olunan enerji istifadəsindəki irəliləyiş, azalan emissiyalar, özəl investisiyaların səfərbər edilməsi və iqlimə dözümlülük layihələrini izləyən rəsmi hesabatların müntəzəm hazırlanması olduğunu düşünür.
Bütün bunların sonda konkret nəticələr üzərindən ölçülməli olduğunu əlavə edən Xan bu konkret göstəricilərin daha təmiz sənayelər, modernləşdirilmiş elektrik şəbəkələri, daha güclü su təhlükəsizliyi, yeni məşğulluq imkanları və tez-tez təkrarlanan iqlim şoklarına karşı daha yüksək dözümlülük olduğunu bildirir.
Hədəflər ilə rəqabət qabiliyyətini balansa salmaq
Türkiyənin COP31-ə ev sahibliyi etməsi ölkədəki ixrac yönümlü sənayelər üçün də kritik bir vaxta təsadüf edir.
Avropa İttifaqı Türkiyənin ən böyük ticarət tərəfdaşı olaraq qalır və Karbon Sərhəd Tənzimləmə Mexanizmi (CBAM) başda olmaqla, karbonla bağlı yeni tənzimləmələrin polad, sement, alüminium və kimya kimi sektorlardakı ixracatçılar üçün rəqabət mühitini yenidən formalaşdıracağı gözlənilir.
Karbon ayaq izi daha aşağı olan şirkətlərin üstünlük əldə etməsi ehtimal edildiyi halda, emissiyalarını azalda bilməyən şirkətlər Avropa bazarlarına ixrac edərkən əlavə xərclərlə üzləşə bilərlər.
Faraz Xan bunun ətraf mühit qayğılarından çox uzağa uzanan dekarbonizasiya üçün iqtisadi bir həvəsləndirmə yaratdığına inanır.
Xan Aİ CBAM-ın sənaye dekarbonizasiyasını xüsusilə təxirəsalınmaz etdiyini bildirib. Belə ki, 2022-ci ildə Türkiyənin Aİ-yə etdiyi mal ixracının 12,7 faizi artıq CBAM-ın birinci mərhələsinə daxil olan sektorlarda yer aldığı halda, 28,9 faizi isə növbəti mərhələlərdə əhatə olunması nəzərdə tutulan sektorlarda idi.
“Uzunmüddətli qazanc sənaye xarakterlidir: Aİ CBAM 2026-cı ildə yekun mərhələsinə daxil olacaq və Aİ Türkiyənin mal ixracının təxminən 41 faizini alır; ona görə də daha təmiz polad, sement, alüminium, kimyəvi maddələr və təchizat zənciri məlumatları iqlimi qorumaqla yanaşı, bazara çıxışı da təminat altına alır”, -deyə Xan ifadə edib.
Sıfır Tullantı hərəkatı
Türkiyə həmçinin dövri iqtisadiyyatdakı irəliləyişləri ön plana çıxarmağa səy göstərir.
Ölkənin ən diqqətçəkən ətraf mühit təşəbbüslərindən biri Birinci Xanım Əminə Ərdoğanın rəhbərlik etdiyi Sıfır Tullantı Hərəkatı olub. Bu hərəkat ictimai maarifləndirmə kampaniyasından təkrar emal göstəricilərini artırmağı, zibil poliqonlarına gedən tullantıları azaltmağı və resurslardan daha səmərəli istifadəni təşviq etməyi hədəfləyən daha geniş əhatəli milli strategiyaya çevrilib.
Bu təşəbbüs beynəlxalq aləmdə də alıqlanıb; Birləşmiş Millətlər Təşkilatı Türkiyənin təşəbbüsü ilə qəbul edilən qərardan sonra 30 martı Beynəlxalq Sıfır Tullantı Günü elan edib.
Hökumət bu addımdan istifadə edərək istehlakçıların təkrar emal aparatları vasitəsilə içki qablarını qaytarıb geri ödənilə bilən, depozit ala bilmələrini təmin edən və adətən tullantıların qaytarılması sistemi kimi qeyd olunan ölkəmiqyaslı Depozit İdarəetmə Sistemini (DOA) tətbiq etməyə başlayıb.
Xanın fikrincə, Sıfır Tullantı kimi təşəbbüslər Türkiyənin ətraf mühit nüfuzunu gücləndirmək yolunda mühüm addımdır, lakin bu təşəbbüslərin uzunmüddətli uğuru özəl sektor investisiyaları üçün kommersiya baxımından əlverişli imkanlar yaradıb-yaratmayacağından asılı olacaq.
“Əminə Ərdoğanın Sıfır Tullantı təşəbbüsü gözə çarpan xalq hərəkatını ölçülə bilən milli nəticələrlə əlaqələndirdiyi üçün artıq vacib bir nüfuz aktivinə çevrilib”, -deyə Xan bildirib.
Türkiyə 2026-cı ilin iyun ayı etibarilə 90 milyon ton tullantının təkrar emal edildiyini və iqtisadiyyata 365 milyard türk lirəsi töhfə verildiyini bəyan edib. Təkrar emal göstəricisi 2017-ci ildəki 13 faizdən 2025-ci ildə 37,53 faizə yüksəlib; 2035-ci ilə qədər 60 faiz, 2053-cü ilə qədər isə 70 faiz olması hədəflənən bu göstərici maarifləndirmənin sistem gücünü dəyişməyə başladığını göstərir.
Xana görə, “Növbəti mərhələ bu sürəti investisiyaya açıq dövri iqtisadiyyat infrastrukturasına çevirməkdir”.
Bu, tullantıların çeşidlənərək toplanması sistemlərinin genişləndirilməsi, təkrar emal oluna bilən materialların rəqəmsal izlənməsinin təkmilləşdirilməsi, istehsalçıların daha çox məsuliyyət götürməsinin təşviq edilməsi və proqnozlaşdırıla bilən tənzimləmə çərçivələri vasitəsilə təkrar emal sənayesinin dəstəklənməsi deməkdir.
Xan açıqlayıb ki, investorlar sabit gəlir modelləri, şəffaf tənzimləmələr və ölçülə bilən ətraf mühit nəticələri görəcəkləri təqdirdə dövri iqtisadiyyat layihələrinin maliyyələşdirilməsi çox daha asanlaşacaq.
Milli strategiya proqnozlarına əsasən, hər il təxminən 1,3 milyon ton içki qabının mənbəyində çeşidlənməsi illik 120 milyon avro gəlir, 250 milyon avro material qənaəti, 50 milyon avro idxal qənaəti və 525 milyon avro zibil saxlamaq xərcindən qənaət təmin edə bilər. Xan bildirir ki, bu, məhz özəl investorların ehtiyac duyduğu nağd pul axını şəffaflığıdır.
Regional təmiz enerji mərkəzi?
Türkiyə konfransa ev sahibliyi etməkdən əlavə, təmiz enerji istehsalı və investisiyası üçün regional mərkəz rolunu üzərinə götürməyi də hədəfləyir.
Lakin rəqabət getdikcə kəskinləşir.
Çin qlobal təmiz texnologiya istehsalında üstünlüyünü qoruyub saxlayır, Körfəz ölkələri isə bərpa olunan enerji və hidrogen layihələrinə böyük həcmdə sərmayə qoyur. Mərakeş və Misir kimi Şimali Afrika ölkələri də Avropa bazarlarına yaxınlıqları və böyüyən bərpa olunan enerji sektorları sayəsində investisiyaları özlərinə cəlb edirlər; Mərkəzi Avropa ölkələri isə batareya və avtomobil dəyər zəncirinə dərin inteqrasiya olunmaqda davam edirlər.
Faraz Xan Türkiyənin təkcə rəqabət aparmaqla kifayətlənməyib, eyni zamanda bu prosesdə qazanc gətirəcək üstünlüklərə də sahib olduğuna inanır.
Xanın fikrincə: “Növbəti beş il həlledici olacaq. Türkiyə sənaye potensialına, daxili bazara və bərpa olunan enerji potensialına malikdir. Əsas sual budur: ölkə bunu proqnozlaşdırıla bilən tənzimləmələr, daha sürətli icazə prosesləri və qlobal kapitalın axtardığı investisiya mühiti ilə uyğunlaşdıra biləcəkmi?”
Xan Türkiyənin ən böyük fürsətinin ilk növbədə, idxal texnologiyalara arxalanmaq əvəzinə batareya, şəbəkə avadanlıqları, güc elektronikası və bərpa olunan enerji komponentləri kimi texnologiyalar üçün yerli təchizat zəncirləri qurmaqda olduğunu qeyd edib.
Konfransdan sonra əldə ediləcək uğur
Antalya üçün hazırlıqlar davam edərkən COP31 ilə bağlı gözləntilər noyabr ayında iki həftə ərzində keçiriləcək danışıqlardan daha çoxdur.
Xana görə, uğurlu bir COP31 yalnız Antalyada əldə edilən razılaşmalarla xatırlanmayacaq.
Uğur neçə bərpa olunan enerji layihəsinin maliyyə yekununa çatması, nə qədər özəl kapitalın cəlb olunması, infrastrukturanın nə qədər sürətlə tikilməsi və icmaların iqlim dəyişikliyinə qarşı nə dərəcədə dözümlü hala gəlməsi ilə qiymətləndiriləcək.
Xanın iyun ayındakı qapalı iclasdan sonra əldə etdiyi təəssürat belə olub ki, Türkiyə hökuməti COP31-i həm diplomatik öhdəlik, həm də iqtisadi son müddət kimi görür.
Faraz Xanın gəldiyi qənaət isə budur: Türkiyə etibarlı qaydaları, investisiyayaya yararlı infrastrukturu və ölçülə bilən dözümlülüyü bir araya gətirə bilsə, COP31 birfəaliyyətlik diplomatik dönüş nöqtəsi deyil, daha rəqabətqabiliyyətli iqtisadiyyatın başlangıc nöqtəsinə çevriləcək.




















