Qərbi trakiyalı türklər Yunanıstanın təhsil nazirinin müavini Nikos Papaioannunun açıqlamalarına etiraz bildiriblər. Nazir müavini azlıqların təhsilində türk dilinin istifadəsini azlığın tək bir kimlik altında toplanması ilə əlaqələndirib.
Avropa Qərbi Trakiya Türk Federasiyası (ABTTF) isə buna cavab olaraq yayımladıqları bəyanatda türk dilinin Qərbi Trakiya türk azlığının ana dili olduğunu bildiriliblər. Həmçinin bu dilin onların kimliyinin və təhsil azadlığının ayrılmaz bir hissəsini təşkil etdiyi vurğulanıb.
Bəyanatda Yunanıstan dövlətinin siyasəti də tənqid edilib. Qeyd olunub ki, rəsmi Afina bir tərəfdən Qərbi Trakiyadakı azlıqların təhsil sisteminin Lozanna Müqaviləsinə (1923) əsaslanan xüsusi statusunu qəbul edirlər. Digər tərəfdən isə həyata keçirilən siyasətlə təhsil sahəsindəki muxtariyyət tədricən zəiflədilir.
Sənəddə şagird sayının azalması bəhanə gətirilərək azlıq məktəblərinin fəaliyyətinin bir-bir dayandırıldığına diqqət çəkilib. Həmçinin türk ailələrin övladlarını azlıq məktəblərinə qeydiyyatdan keçirərkən problemlərlə üzləşdikləri ifadə edilib.
ABTTF türk dilinin azlıq daxilindəki fərqlilikləri aradan qaldırmağa yönəlmiş bir vasitə kimi qələmə verilməsinə qarşı çıxıb.
Bəyanatda Yunanıstana Lozanna Müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmək çağırışı edilib. Eyni zamanda azlıqların təhsil sisteminin müstəqil quruluşunun yenidən bərpa olunması tələb olunub.
Qeyd edək ki, N.Papaioannu Yunanıstan parlamentində NİKİ Partiyasının deputatı Yorqos Runtasın sualını cavablandırarkən Qərbi Trakiyadakı azlıqların təhsil sisteminin Lozanna Müqaviləsinə əsaslandığını bildirmişdi.
N.Papaioannu türk dilinin azlıq təhsilindəki üstün mövqeyinin azlığı tək bir kimlik altında toplamağa xidmət etdiyini iddia etmişdi. Nazir müavini azlıq məktəblərinin şagird sayının azalması səbəbindən fəaliyyətinin dayandırılmasının "bağlanma" mənasına gəlmədiyini bildirmişdi.





















