SİYASƏT
2 dəqiqə oxuma
Kosovo Baş naziri Türkiyənin dəstəyinə görə Prezident R.T.Ərdoğana təşəkkür edib
Albin Kurti Kosova ilə Türkiyənin dostluq münasibətlərini dərinləşdirməyə, iqtisadi və ticarət əlaqələrini genişləndirib möhkəmləndirməyə davam edəcəyini bildirib
Kosovo Baş naziri Türkiyənin dəstəyinə görə Prezident R.T.Ərdoğana təşəkkür edib
Kosovo Baş naziri Türkiyənin dəstəyinə görə Prezident R.T.Ərdoğana təşəkkür edib

Kosovo Baş naziri Albin Kurti Kosovo dövlətinin qurulmasının bütün mərhələlərində, inkişafında, diplomatiya və hərbi imkanlarının gücləndirilməsində, eləcə də NATO-ya üzvlük məsələsində verdiyi dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

Bu barədə o, Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Prezident R.T.Ərdoğan tərəfindən qəbul edilməsi ilə bağlı sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

Türkiyənin NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrindəki (KFOR) çoxillik roluna və Kosovonun təhlükəsizliyi ilə sabitliyinə verdiyi davamlı mühüm töhfələrə görə də R.T.Ərdoğana təşəkkür etdiyini bildirən A.Kurti KFOR komandanı kimi iki dövr xidmət edən general-mayor Özkan Ulutaşın peşəkarlığına diqqət çəkib.

A.Kurti Türkiyə ilə Kosovo arasındakı ticarətin güclənməyə və artmağa davam etdiyini vurğulayıb. O, ticarət dövriyyəsinin 1 milyard dollara çatdığını və gələcəkdə bu göstəricini daha da artırmağı hədəflədiklərini qeyd edib.

Kosovoda Türkiyə investisiyalarının artdığına toxunan Baş nazir A.Kurti buna nümunə göstərərək Kosovo hökuməti ilə Türkiyə Milli Müdafiə Nazirliyinin tabeliyindəki Maşın və Kimya Sənayesi (MKE) qurumunun əməkdaşlığı çərçivəsində Yakova şəhərində sursat istehsalı planlaşdırılan və tikintisi davam edən fabriki qeyd edib.

A.Kurti Prezident R.T.Ərdoğanla görüşündə ötən həftə Niderlandın Haaqa şəhərində Kosovo Azadlıq Ordusunun (UÇK) keçmiş komandirləri Kosovonun sabiq prezidenti Haşim Taçi, Kadri Veseli, Rəcəb Səlimi və Yakup Krasniqinin hərbi cinayətlərdə təqsirləndirilərək azadlıqdan məhrum edilməsi məsələsini də müzakirə etdiyini bildirib.

Görüşdə Serbiyadakı alban icmasına qarşı davam edən sistematik ayrı-seçkiliyin də nəzərdən keçirildiyini qeyd edən Kosovonun Baş naziri albanların regiondakı bütün dövlət qurumlarında lazımi səviyyədə təmsil olunmaması məsələsinin qaldırıldığını diqqətə çatdırıb.

Kosovo ilə Türkiyənin dostluq münasibətlərini dərinləşdirməyə, iqtisadi və ticarət əlaqələrini genişləndirib möhkəmləndirməyə davam edəcəyini vurğulayan A.Kurti paylaşımının sonunda Prezident R.T.Ərdoğanı Kosovoya dəvət etdiyini qeyd edib.

MƏNBƏ:TRT