Səudiyyə Ərəbistanı ölkənin cənubuna edilən ballistik raket və PUA hücumlarına adekvat cavabın veriləcəyini bildirib.
İranın dəstəklədiyi husilər vətəndaş müharibəsinin yenidən başlamasından sonra Yəmən qüvvələri ilə toqquşmaları bərpa ediblər. Husilər həmçinin Qırmızı dənizdə hərəkət edən gəmiləri hədəf alaraq Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq ediblər.
Husilərin neft infrastrukturuna hücumları isə neft qiymətinin artmasına səbəb olub. Qrup son olaraq Xamis Muşaytdakı Kral Xalid Hava Bazasını hədəf aldığını açıqlayıb. Hərbi mənbələrin məlumatına görə, Yəmənin qərbində baş verən digər hücumda isə 8 əsgər həlak olub.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Xamis Muşayt, Əbha və Taif şəhərlərinə edilən zərbələri təsdiqləyib, 13 nəfərin yaralandığını və cavab olaraq 50-dən çox hava hücumu həyata keçirdiyini açıqlayıb. Koalisiya Krallığın suverenliyini qorumaq üçün qətiyyətli addımlar atacağını bildirib. Husi rəsmisi Hazam əl-Əsəd bildirib ki, Səudiyyə Ərəbistanı hücumları dayandırmasa, cavab tədbirlərini daha da sərtləşdirəcəklər.
















