Davam edən atəşkəs rejiminə baxmayaraq, İsrail Hərbi Hava Qüvvələri Qəzzanın şimalındakı Beyt Lahiyə şəhərində yaşayış evinə zərbələr endirib. Hücum nəticəsində eyni ailədən olan dörd fələstinli həlak olub.
Səhiyyə mənbələrinin məlumatına görə, hücum zamanı çox insan yaralanıb, bir çox sakin isə hələ də dağıntılar altındadır.
Fələstinin WAFA agentliyinin yaydığı məlumata görə, İsrail ordusuna məxsus zirehli texnika və pilotsuz uçuş aparatları Cəbəliya qaçqın düşərgəsindəki mülki sığınacaqlara və çadırlara da atəş açıb. Yaralananlar Əl-Şifa Xəstəxanasına aparılıb. İsrail qüvvələri həmçinin düşərgədə yerləşən Kamal Ədvan Xəstəxanasının yaxınlığına hava zərbələri endirib. İsrail hərbi gəmiləri isə Xan Yunis sahillərini və Qəzzanın mərkəzini atəşə tutub.
Həyata keçirilən son hücumlar İsrailin 2025-ci il oktyabrın 10-dan bəri qüvvədə olan atəşkəs rejimini növbəti dəfə pozduğunu göstərir.
Qeyd edək ki, İsrail ordusunun 2023-cü ilin oktyabrından bəri davam etdirdiyi hərbi əməliyyatlar nəticəsində 73 mindən çox fələstinli həlak olub, 174 mindən çox insan yaralanıb. Müharibə Qəzza zolağının mülki infrastrukturunu sıradan çıxarıb.





















