İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi İsrailin "The Jerusalem Post" qəzetində dərc olunan məqaləyə münasibət bildirib. Həmin məqalədə gənc amerikalıların İrana qarşı mümkün quru əməliyyatına cəlb edilməsi üçün onların kredit borclarının silinməsi təklif olunub.
Rəsmi ‘‘X’’ səhifəsində paylaşım edən Bəqayi amerikalıları övladlarının İsrailin maraqları naminə istifadə olunmasına imkan verməməyə çağırıb. O, paylaşımında gənclərin borclarının silinməsi müqabilində başqasının müharibəsinə göndərilməsinin yolverilməz olduğunu vurğulayıb.
Sözügedən məqalənin müəllifi Əl-Cey Ceff ABŞ-nin İrana qarşı intensiv hava zərbələrinin gözlənilən nəticəni vermədiyini iddia edib. Müəllif qeyd edib ki, ehtimal olunan quru əməliyyatı üçün 750 mindən 1,5 milyona qədər hərbçi tələb olunur, lakin ABŞ ordusunun mövcud şəxsi heyəti bu göstəricidən xeyli aşağıdır. Bu səbəbdən yazıda gənclərin borclarının silinməsi proqramı vasitəsilə orduya cəlb edilməsi ideyası irəli sürülüb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana endirdiyi hava zərbələri nəticəsində ölkənin Ali dini lideri Əli Xamenei daxil olmaqla bir çox rəsmi şəxs və mülki sakinlər həlak olub. Buna cavab olaraq Tehran Hörmüz boğazında nəzarəti gücləndirib və bölgədəki hədəflərə zərbələr endirib. İyunun 18-də Pakistanın vasitəçiliyi ilə dəniz təhlükəsizliyinə dair razılaşma əldə olunsa da, tərəflər arasında yaranan fikir ayrılıqları səbəbindən sənədin icrası dayandırılıb.























