SİYASƏT
3 dəqiqə oxuma
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Bu, Çin sədrinin son on ildə Misirə etdiyi ilk səfərdir
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib

Çin dövlət başçısı Si Cinpin sentyabrın 1-də iki günlük səfər çərçivəsində Misirə gəlib. Səfər rəsmi Pekin və Qahirə rəhbərliyinin aylardır davam edən Yaxın Şərqdəki müharibənin təsirləri qarşısında iqtisadi maraqlarını qorumağı və koordinasiyanı gücləndirməyi hədəflədiyi bir vaxtda keçirilir.

Si Cinpin və həyat yoldaşı Pın Liyuan hava limanında Misir prezidenti Əbdülfəttah əs-Sisi və həyat yoldaşı tərəfindən qarşılanıb. Onların şərəfinə hava limanında Misir xalq rəqsi mərasimi keçirilib.

Qeyd edək ki, səfər Çin və Misirin İran ilə maliyyə və iqtisadi əlaqələrinə görə Amerika Birləşmiş Ştatlarının (ABŞ) potensial sanksiyaları ilə üzləşdiyi bir dövrdə baş tutur. Rəsmi Vaşinqton Tehran hakimiyyətini dəstəkləyən ölkələrə və qurumlara qarşı məhdudlaşdırıcı tədbirləri genişləndirməklə hədələmişdi. Bu vəziyyət Çin və Misir banklarına da təsir göstərə bilər.

İran neftinin əsas alıcılarından biri olan Çin münaqişədə özünü tərəfsiz bir tərəf kimi mövqeləndirib. Rəsmi Pekin dəfələrlə tərəfləri daimi atəşkəsə çağırıb. Misir isə regional münaqişənin onun təhlükəsizliyinə və ticarət maraqlarına təhdid yaratması səbəbindən tərəfləri təmkinli olmağa dəvət edib.

 

Pekin rəhbərliyi regional nüfuzunu dərinləşdirməyi hədəfləyir

Misir mediasında yer alan xəbərlərə görə, Si Cinpinin sentyabrın 2-də Ə.Sisi ilə görüşməsi planlaşdırılır. Danışıqlarda Qəzzadakı müharibə, İran, həmçinin Qırmızı dəniz və Hörmüz boğazındakı dəniz daşımaları mövzularının müzakirə ediləcəyi gözlənilir. Ekspertlər bildirirlər ki, rəsmi Pekin Qahirə rəhbərliyini mühüm regional tərəfdaş kimi görür. Buna Misirin İsrail ilə Fələstin qruplaşmaları arasındakı vasitəçilik rolu, rəsmi Vaşinqton və digər Yaxın Şərq dövlətləri ilə olan əlaqələri səbəb göstərilir.

Mövzuyla bağlı açıqlama verən Misir Süveyş Universitetinin Politologiya üzrə professoru Camal Salama deyib: "Çin Qahirə rəhbərliyini strateji güc mərkəzi kimi qiymətləndirir".

C.Salama qeyd edib ki, Misirin rəsmi Vaşinqton və regional tərəflərlə əlaqələri Çinə daha böyük rol oynamaq istədiyi bu regionda "siyasi imkanlar və diplomatik nüfuz" qazandırır.

Həm Çin, həm də Misir iki dövlətli həll variantının bir hissəsi kimi müstəqil Fələstin dövlətini dəstəkləyir.

Si Cinpin sentyabrın 1-də Misir mətbuatında dərc olunan məqaləsində Ə.Sisi ilə "dostluq əlaqələrini təzələməyi" səbirsizliklə gözlədiyini bildirib. O, həmçinin hərtərəfli strateji tərəfdaşlığı dərinləşdirəcək yeni yol xəritəsini müəyyənləşdirmək üçün Ə.Sisi ilə birgə işləməyə hazır olduğunu ifadə edib.

 

Ticarət və investisiyalar səfərin mərkəzindədir

Səfər Çin və Misir arasında diplomatik münasibətlərin qurulmasının 70-ci ildönümünə təsadüf edir. Bu dövrdə iki ölkə arasında iqtisadi əlaqələr genişlənməkdə davam edir. Çin gömrük göstəricilərinə əsasən, Çinin Misir ilə ticarət dövriyyəsindəki müsbət saldo 2026-cı ilin ilk yeddi ayında 12 milyard dollara çatıb.

Misir mediası iki ölkə arasında yeni müqavilələrin imzalanmasının gözlənildiyini xəbər verir. Bu razılaşmalar süni intellekt, nəqliyyat, energetika və Süveyş Kanalı İqtisadi Zonasına investisiya ediləcək proyektləri əhatə edir.

Rəsmi Pekin Qahirə rəhbərliyi ilə hərbi əlaqələrini də gücləndirib. Çin və Misir Hərbi Hava Qüvvələri avqust ayında birgə təlimlər keçirib. Təlimlərdə Çinin "J-16" qırıcı təyyarələri də iştirak edib.

Misir üçün Çin ilə daha sıx əlaqələr qurmaq bir tərəfdən əlavə investisiya və texnologiya axını deməkdir. Digər tərəfdən isə bu, rəsmi Qahirəyə Vaşinqton rəhbərliyi ilə uzunmüddətli münasibətlərini qoruyub saxlamaq imkanı verir. Camal Salama məsələni belə qiymətləndirib: "Misirin axtardığı şey strateji müstəqillikdir. Məqsəd rəsmi Vaşinqtonla əlaqələri kəsmək və ya tamamilə Pekin rəhbərliyinin tabeliyinə girmək deyil. Əsas məqsəd öz milli maraqlarını həyata keçirə biləcəyi kifayət qədər manevr sahəsi yaratmaqdır".

Bu səfər həm də diqqətçəkən bir vaxtda gerçekleşir. Rəsmi Pekin regiondakı ABŞ yönümlü ölkələrlə əlaqələrini möhkəmləndirməyə çalışır. Səfər Si Cinpin ilə ABŞ prezidenti Donald Tramp arasında bu ayın sonunda keçirilməsi gözlənilən görüşdən əvvəl baş tutur.