TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə ŞKTC-də batmış gəmidə həyatını itirənlər üçün başsağlığı verib
Axtarış-xilasetmə əməliyyatları 18 itkin düşmüş şəxsin tapılması üçün davam edir
Türkiyə ŞKTC-də batmış gəmidə həyatını itirənlər üçün başsağlığı verib
Türkiyə ŞKTC-də batmış gəmidə həyatını itirənlər üçün başsağlığı verib (ARXİV)

Türkiyə Xarici İşlər Nazirliyi Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (ŞKTC) Girnə limanından Türkiyənin Mersin şəhərindəki Taşucu limanına getmək üçün yola düşən sərnişin gəmisinin batması nəticəsində insan tələfatının qeydə alınmasından dərin kədər duyduğunu bildirib.

Nazirlik sərnişin gəmisinin Girnə sahillərində batması ilə bağlı yazılı bəyanat yayıb.

Bəyanatda deyilib: "ŞKTC-nin Girnə limanından Mersinin Taşucu limanına getmək üçün yola düşən sərnişin gəmisinin aşması nəticəsində baş verən qəzada insan tələfatının olmasından dərin kədər duyuruq. Qəzada həlak olanlara Allahdan rəhmət diləyir, yaxınlarına, millətimizə və ŞKTC xalqına başsağlığı veririk".

ŞKTC tərəfindən aparılan intensiv axtarış-xilasetmə işlərinə Türkiyə tərəfindən tam dəstək verildiyi qeyd olunan açıqlamada Türkiyədən hadisə yerinə iki helikopter, iki kater və bir dalğıc qrupu, həmçinin ölkənin Hərbi Dəniz Qüvvələri Komandanlığının iki gəmisi cəlb olunduğu bildirilib.

Açıqlamada daha çox insan tələfatının qarşısının alınması və itkin düşən şəxslərin tapılması məqsədilə aparılan işlər ŞKTR hakimiyyət orqanları ilə sıx koordinasiya və əməkdaşlıq şəraitində davam etdirildiyi diqqətə çatdırılıb.

Girnə sahillərində aşan gəmi

ŞKTC-dəki Girnə limanı ilə Mersindəki Taşucu limanı arasında sərnişin daşıyan "Filo Jet" adlı sürətli bərə avqustun 30-da günorta saatlarında Girnədən hərəkət etdikdən qısa müddət sonra burun hissəsindən su almağa başlayıb.

Bərə Girnə limanına qayıtmağa cəhd edərkən aşıb. 259-u sərnişin və 8-i heyət üzvü olmaqla ümumilikdə 267 nəfərin olduğu bərədəki 241 nəfər xilas edilib, 8 nəfər həyatını itirib.

İtkin düşən 18 nəfərin axtarış-xilasetmə işləri davam edir.