Nepal-Çin sərhədində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 270-ə çatıb, 1300-dən çox insan isə itkin düşüb.
Bu barədə Nepalın Təbii Fəlakət Risklərinin Azaldılması Təşkilatı məlumat yayıb. Təşkilat turistlər, xarici vətəndaşlar, dövlət qulluqçuları, əsgərlər, polislər və yerli sakinlər də daxil olmaqla 1300-dən çox insanın itkin düşdüyünü bildirib. Çin tərəfində isə 558 nəfərin itkin düşdüyü qeyd olunur.
"Himalayan Times" qəzetinin məlumatına görə, peyk görüntüləri daşqınların Rasuva-Rasuvaqadhi sərhəd keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə yerləşən Himalay buzlağından böyük bir parçanın qopması və tonlarla buz ilə qayanın Bhotekoşi çayına yuvarlanması nəticəsində baş verdiyini göstərir.
Hökumət ərazidəki sakinlərin təxliyə edildiyini, ordu və özəl helikopter pilotlarının axtarış-xilasetmə əməliyyatlarına cəlb olunduğunu açıqlayıb. Xilasetmə əməliyyatları nəticəsində 114 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub. Ən çox tələfat Baqmati əyalətinin Çitvan bölgəsində qeydə alınıb. Burada 64 nəfərin həlak olduğu bildirilir. Dhadingdə 27, Şərqi Navalparasidə isə 22 ölüm faktı qeydə alınıb. Nepal polisi həmçinin 28 dövlət qulluqçusunun itkin olduğunu bəyan edib.
Çin dövlət mediasının məlumatına görə, cənub-qərbdəki Xizang muxtar bölgəsinin Gyirong sərhəd-keçid məntəqəsində baş verən torpaq sürüşməsi nəticəsində ən azı 3 nəfər ölüb, 558 nəfər itkin düşüb.
Nepalın xarici işlər naziri Şisir Xanal Hindistanın NDTV telekanalına müsahibəsində təxminən 300 hindlinin itkin düşdüyünü və hökumətin onlarla əlaqə saxlamağa çalışdığını bildirib.
Nepal Turizm Şurasının məlumatına görə, itkin düşənlər arasında 63 ABŞ, 53 Ukrayna, 55 Malayziya, 25 Kanada, 9 Cənubi Koreya , 8 Almaniya, 6 Sinqapur, 6 Cənubi Afrika, 5 Yaponiya, 5 Yeni Zelandiya və 5 Rusiya vətəndaşı var. Çərşənbə günündən bəri Belarus, Belçika, Finlandiya, Fransa, Macarıstan, İrlandiya, İsrail, Qazaxıstan, Latviya, Litva, Niderland, Filippin, Portuqaliya, İspaniya və İsveç vətəndaşlarının da itkin düşdüyü bildirilib.





















