ABŞ ordusu Karib dənizində narkotik daşıdığı iddia edilən qayığa hücum edib. Hadisə nəticəsində 4 nəfər həyatını itirib.
Bu barədə ABŞ Cənub Komandanlığının (SOUTHCOM) rəsmi internet səhifəsində paylaşım edilib. Paylaşımda bildirilir ki, hücum kəşfiyyat məlumatları əsasında və SOUTHCOM komandanı general Frensis L. Donovanın əmri ilə həyata keçirilib. Hədəf alınan qayığın narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilir.
Bəyanatda həmçinin bu ifadələrə yer verilib:"Biz narko-terror şəbəkələrini təqib etməyə, zərərsizləşdirməyə və çökdürməyə davam edəcəyik".
Son zamanlar ABŞ ordusunun Karib dənizi və Sakit okeanda narkotik qaçaqmalçılığı iddiası ilə qayıqları və onların göyərtəsindəki şəxsləri birbaşa hədəf alması beynəlxalq ictimaiyyətin reaksiyasına səbəb olub.





















