DÜNYA
2 dəqiqə oxuma
Antonio Quterreş Rusiyanın Kiyevə və Ukraynanın digər şəhərlərinə hücumlarını kəskin pisləyib
Ukrayna Prezidenti Volodimir Zelenski verdiyi açıqlamada paytaxt Kiyevə edilən hücumda 12 nəfərin həlak olduğunu və 40 nəfərin yaralandığını bildirmişdi
Antonio Quterreş Rusiyanın Kiyevə və Ukraynanın digər şəhərlərinə hücumlarını kəskin pisləyib
(BMT) Baş katibi Quterreş Rusiyanın paytaxt Kiyev də daxil olmaqla Ukrayna şəhərlərinə təşkil etdiyi hava hücumlarını "kəskin şəkildə pisləyib".

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Rusiyanın paytaxt Kiyev də daxil olmaqla Ukraynanın müxtəlif şəhərlərinə endirdiyi hava zərbələrini kəskin şəkildə pisləyib.

BMT Baş katibinin mətbuat katibi Stefan Dujarrik Nyu-Yorkdakı mənzil-qərargahda keçirilən gündəlik mətbuat brifinqində münaqişə zonalarındakı son vəziyyətlə bağlı məlumat verib.

Kiyevə və Ukraynanın digər şəhərlərinə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə təşkil olunan hava hücumlarına toxunan S.Dujarrik bildirib: "Bu, yaşayış məntəqələrinə endirilən zərbələrin narahatedici dərəcədə artmasının növbəti faciəvi nümunəsidir".

Mətbuat katibi Baş katibin mövqeyini diqqətə çatdıraraq deyib ki, Baş katib Rusiya Federasiyası Silahlı Qüvvələri tərəfindən paytaxt Kiyevə və Ukraynanın digər şəhər mərkəzlərinə qarşı həyata keçirilən genişmiqyaslı raket və dron hücumlarını kəskin şəkildə pisləyir. Bu zərbələr onlarla mülki şəxsin həlak olmasına və yaralanmasına gətirib çıxarıb, mülki obyektlərə və infrastruktura ciddi ziyan vurub.

S.Dujarrik əlavə edib: "Baş katibin münaqişənin, o cümlədən Rusiya Federasiyası ərazisində də daxil olmaqla, getdikcə dərinləşməsindən narahatlığını ifadə edə bilərəm".

O, bu kimi hücumların beynəlxalq humanitar hüququn açıq-aşkar pozulması olduğunu, dərhal dayandırılmasının vacibliyini vurğulayaraq Quterreşin "təcili və qeyd-şərtsiz atəşkəs" çağırışını bəyan edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 20-də səhər saatlarında paytaxt Kiyevə edilən hücum nəticəsində 12 nəfərin həlak olduğunu, 40 nəfərin isə yaralandığını açıqlayıb.

Kiyev meri Vitali Kliçko Rusiya ordusunun hücumları ilə əlaqədar avqustun 21-nin Kiyevdə matəm günü elan edildiyini bildirib.