Almaniya kansleri Fridrix Merts İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin bəyanatlarını kəskin şəkildə qınayıb və onları beynəlxalq hüquqa zidd adlandırıb.
Almaniya hökumətinin sözçüsünün müavini Sebastyan Hille Berlində keçirilən mətbuat konfransında Ben-Qvirin "Qəzzaya hər gecə 30-40 zərbə endirilməlidir" çağırışına münasibət bildirib. Hille kansler Mertsin bu cür çıxışları qətiyyətlə pislədiyini və onları qəbuledilməz hesab etdiyini vurğulayıb.
Hökumət rəsmisi həmçinin kanslerin İsrailin İordan çayının qərb sahilindəki son addımlarını böyük narahatlıqla izlədiyini diqqətə çatdırıb: "İordan çayının qərb sahilini ilhaq etməyə yönələn hər cür rəsmi və ya praktiki addımdan çəkinmək lazımdır. Bu cür addımlar iki dövlətli həll prosesinə ciddi maneə yaradır".




















