DÜNYA
2 dəqiqə oxuma
İndoneziyada 7,7 bal gücündə zəlzələ baş verib
Axtarış-xilasetmə qrupları əməliyyatlara başladı
İndoneziyada 7,7 bal gücündə zəlzələ baş verib
İndoneziyada 7,7 bal gücündə zəlzələ baş verib / Reuters

İndoneziyanın şərqindəki Flores adası sahillərində avqustun 15-də (bu gün) 7,7 bal gücündə şiddətli zəlzələ baş verib. Ölkə rəsmilərinin sunami xəbərdarlığı etməsindən sonra minlərlə insan təşviş içində ərazini tərk etməyə başlayıb. Hazırkı məlumata əsasən, 20 nəfərin həlak olduğu bildirilir.

Baş verən zəlzələnin episentrinə ən yaxın bölgə olan Naqekeo rayonunun sakinləri dənizin geri çəkildiyini müşahidə ediblər. Bunu yaxınlaşan sunaminin əlaməti kimi qiymətləndirən sakinlər daha yüksək ərazilərə çıxıblar.

İndoneziya rəsmiləri baş verən zəlzələnin episentrinin adanın şimal sahillərində olduğunu bildiriblər. Zəlzələ Ende sahil qəsəbəsindən təxminən 68 kilometr şimal-qərbdə qeydə alınıb.

İlkin təkanlardan sonra eyni bölgədə güclü avterşoklar meydana gəlib. Bunların arasında 6,1 bal gücündə yeraltı təkan da olub.

 

Təxliyə çağırışı

İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi (BMKG) zəlzələdən sonra sunami dalğalarının yaranacağı ilə bağlı xəbərdarlıq edib. Agentlik əhalini daha yüksək ərazilərə getməyə çağırıb.

Milli Fəlakətlərlə Mübarizə Agentliyinin (BNPB) rəsmisi Abdul Muhari məsələ ilə bağlı açıqlama verib: “Floresin şimal sahilləri boyunca, cənub hissələrində, cənub adalarında və ümumilikdə cənub bölgəsində yaşayan əhalimizi dərhal öz təşəbbüsləri ilə ərazini təxliyə etməyə çağırırıq”.

A.Muhari yerli “Kompas TV” kanalına verdiyi müsahibədə bildirib: “Sakinlər sahildən uzaqlaşmalıdırlar. Onlar ya quru ərazinin daxilinə doğru iki kilometrdən çox irəliləməli, ya da hündürlüyü 10 metrdən çox olan təpəlik ərazilərə qalxmalıdırlar”.

AFP müxbirinin verdiyi məlumata görə, Flores adasındakı Maumere qəsəbəsinin sakinləri daha hündür yerlərə təxliyə olunurlar. İndoneziya televiziyasında nümayiş etdirilən görüntülərdə qonşu Naqekeo rayonunda yüzlərlə insanın zədələnmiş binaların dağıntıları arasından bölgəni tərk etdiyi görünür. Ölkə rəsmiləri insan tələfatı barədə məlumat verməsələr də, hündürlüyü 19-30 santimetr olan sunami dalğalarının qeydə alındığını bildiriblər.

Qeyd edək ki, İndoneziya və qonşu ölkələr Sakit okeandakı “Alov Qurşağı”nda yerləşdikləri üçün tez-tez bu kimi təbii fəlakətlər ilə üzləşirlər. Bu bölgə Yaponiyadan Cənub-Şərqi Asiyaya və Sakit okean hövzəsinə qədər uzanan, intensiv seysmik aktivliyə malik qövs şəklində yerləşir.

Xatırladaq ki, İndoneziyada baş verən ən dağıdıcı zəlzələlərdən biri 2004-cü ildə Sumatra sahillərində qeydə alınıb. 9,1 bal gücündəki bu dəhşətli zəlzələ nəticəsində 220.000 nəfər həlak olub.

MƏNBƏ:TRT