Livan parlamenti ölkədə ölüm hökmünü tamamilə ləğv edən qanun layihəsini təsdiqləyib.
Livanın rəsmi NNA agentliyinin məlumatına görə, Livan parlamenti ölüm cəzasını ləğv edərək onu ömürlük azadlıqdan məhrumetmə ilə əvəz edən sənədi qəbul edib.
Ədliyyə naziri Adel Nəssar qanunun qəbulunu "tarixi addım" adlandırıb və ölüm hökmünün ləğvinin cinayətkarlığa dözümlülük kimi başa düşülməməli olduğunu vurğulayıb.
Qeyd edək ki, Livan parlamenti ölüm cəzasını rəsmən ləğv etsə də, ölkədə sonuncu edam hökmü 2004-cü ildə Emil Lahudun prezidentliyi dövründə icra olunub. Həmin vaxt Təhsil Nazirliyinin əməkdaşı məzuniyyət tələbinin rədd edilməsindən sonra yaranan şəxsi münaqişə zəminində 11 həmkarını qətlə yetirməkdə günahlandırılaraq edam edilmişdi.



















