DÜNYA
2 dəqiqə oxuma
Pentaqon silah şirkətlərindən istehsalı sürətləndirməyi tələb edib
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranla münaqişə nəticəsində azalan sursat ehtiyatlarını bərpa etmək üçün müdafiə sənayesi şirkətlərindən silah istehsalı və...
Pentaqon silah şirkətlərindən istehsalı sürətləndirməyi tələb edib
Vaşinqtondakı Pentaqonun ümumi görünüşü. (Reuters arxivi)

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranla münaqişə nəticəsində azalan sursat ehtiyatlarını bərpa etmək üçün müdafiə sənayesi şirkətlərindən silah istehsalı və çatdırılmasını sürətləndirmələrini istəyib.

"The Washington Post" qəzetinin əldə etdiyi, əvvəllər dərc olunmamış Pentaqon sənədinə əsasən, müdafiə nazirinin müavini Stiv Feynberq sahə üzrə rəhbər şəxslərə rəsmi məktub ünvanlayıb. O, kritik hərbi imkanların istehsalı və çatdırılması prosesinin sürətləndirilməsini tələb edib.

Feynberq şirkətlərdən "daha sürətli və aqressiv çatdırılma qrafiki" tərtib etmək, eləcə də istehsal gücünü artırmaq üçün 21 gün ərzində konkret investisiya və obyekt genişləndirmə planlarını Pentaqona təqdim etmələrini istəyib. İllərlə davam edən inkişaf proseslərinin qəbuledilməz olduğunu vurğulayan nazir müavini, proqram qrafiklərinin əhəmiyyətli dərəcədə sürətləndirilməsinin və istehsal gücünün təxirəsalınmadan genişləndirilməsinin vacibliyini qeyd edib.

Sursat ehtiyatları kəskin azalır

Məlumata görə, ABŞ müharibənin ilk ayında 850-dən çox "Tomahawk" raketi, 1 000-dən çox "Patriot" və THAAD (Terminal High Altitude Area Defense) hava hücumundan müdafiə sistemi sursatı, eləcə də 1 300-dən çox taktiki ballistik raketdən istifadə edib.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) təhlilinə əsasən, müharibədən əvvəl təxminən 2 200 ədəd olan qlobal "Patriot" raket ehtiyatı 827-yə, 452 ədəd olan THAAD raket ehtiyatı isə 278-ə düşüb.

Bununla əlaqədar olaraq, aprel ayında ABŞ Müdafiə Nazirliyi "Boeing" və "Lockheed Martin" şirkətləri ilə vacib raket komponentlərinin istehsal gücünü üçqat artırmaq üçün çərçivə razılaşması əldə etdiyini bəyan etmişdi.