DÜNYA
1 dəqiqə oxuma
HƏMAS Qəzzada atəşkəsin ikinci mərhələsi üzrə razılaşmanı qəbul etdi
HƏMAS rəsmisi Qazi Həməd Anadolu Agentliyinə bildirib ki, qrup Qəzzada atəşkəsin ikinci mərhələsi üçün hazırlanan yazılı razılaşmanı qəbul edib
HƏMAS Qəzzada atəşkəsin ikinci mərhələsi üzrə razılaşmanı qəbul etdi
İyulun 29-da Qəzzada çoxlu fələstinlinin həlak olduğu və yaralandığı Rimal məhəlləsinə İsrailin hücumundan sonra hadisə yerindən görünüş. / َAA

HƏMAS rəsmisi Qazi Həməd Anadolu Agentliyinə bildirib ki, qrup Qəzzada atəşkəsin ikinci mərhələsi üçün hazırlanan yazılı razılaşmanı qəbul edib. Razılaşma İsrail qoşunlarının Qəzzadan tam çıxarılmasını, bölgəyə beynəlxalq qüvvələrin gətirilməsini, idarəçiliyin yeni yaradılan Milli Komitəyə verilməsini və ağır silahların bu komitəyə təhvil edilməsini nəzərdə tutur.

Lakin HƏMAS bu şərtlərin icrasını İsrailin addımlarından asılı tutub. Hərəkat bəyan edib ki, İsrail birinci mərhələ çərçivəsindəki öhdəliklərini tam yerinə yetirməsə, HƏMAS da razılaşmaya əməl etməyəcək. İsrail isə hələlik bu sənədi rəsmi olaraq təsdiqləməyib.

Qazi Həməd bu qərarı HƏMAS üçün "ağrılı və çətin" adlandırıb. O qeyd edib ki, bölgədəki ağır humanitar fəlakəti dayandırmaq, Qəzzanın daha da dağılmasının və fələstinlilərin torpaqlarından qovulmasının qarşısını almaq üçün bu addımı atmaq məcburiyyətində qalıblar.

Razılaşmanın detal və icra müddətlərini dəqiqləşdirmək üçün HƏMAS-ın yaxın günlərdə vasitəçilər, ABŞ nümayəndələri və beynəlxalq rəsmilərlə yeni danışıqlara qatılacağı gözlənilir.