Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfərlə paytaxt Ankarada olan Livan Prezidenti Cozef Aun ilə Prezident Sarayında təkbətək görüş keçirib.
Prezident R.T.Ərdoğan Livanın uzun illərdir bölgədəki bəzi güclərin rəqabət və münaqişə meydanına çevrildiyini bildirib. O, bundan ən böyük zərər çəkən qardaş ölkənin Livan olduğuna diqqət çəkib. Ölkə başçısı R.T.Ərdoğan vurğulayıb ki, Yaxın Şərqdə ən başından bəri hədəflədikləri sabitlik, sülh və əməkdaşlıq mühitindən ən çox fayda görəcək ölkələrin başında da Livan gəlir.
Görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edən R.T.Ərdoğan deyib: "Buradan bir daha cənab Prezidentin şəxsində Livan xalqına başsağlığı verir, yaralılara təcili şəfalar diləyirəm. Türkiyə ilk gündən bəri hücumlar qarşısında ən kəskin reaksiya verən ölkələrdən biri olmuşdur. İsrailin törətdiyi bəşəriyyət əleyhinə cinayətləri bu müddət ərzində də davamlı olaraq gündəmdə saxladıq. Bu hücum və işğalın başa çatdırılması üçün başladılan diplomatik təşəbbüsləri yaxından izləyirik. İsrail hücumlarından ciddi şəkildə zərər çəkən Livanın yenidən bərpası çərçivəsində ölkəmizin əlindən gələn dəstəyi verməyə hazır olduğunu ifadə etmək istəyirəm."
Livan Prezidenti Cozef Aun isə Türkiyə ilə Livan arasında köklü əlaqələrin olduğunu bildirərək deyib: "Hər iki ölkə xalqının mənafeyinə və regionun sabitliyinə xidmət edəcək şəkildə əməkdaşlıq iradəsi mövcuddur".
Səmimi qarşılanmaya, qonaqpərvərliyə və dəvətə görə Prezident R.T.Ərdoğana təşəkkür edən qonaq səfərinin mühüm bir dövrə təsadüf etdiyini vurğulayıb. O, regionun hazırda öz gələcəyinin formalaşdığı bir mərhələdə olduğunu dilə gətirib.
C.Aun Türkiyə-Livan qardaşlığının çox böyük əhəmiyyət kəsb etdiyini və növbəti dövrdə bu gələcəyin qurulmasında mühüm rol oynayacağını qeyd edərək deyib: "Cənab R.T.Ərdoğan həqiqətən öz baxışı və sadiq iradəsi ilə bu əlaqələri dəstəkləyir. O, bu münasibətləri yeni bir əməkdaşlıq səviyyəsinə qaldırmaqda qərarlıdır."
Türkiyə Cümhuriyyətinin banisi Qazi Mustafa Kamal Atatürkün "Yurdda sülh, dünyada sülh" sözlərinə istinad edən C.Aun Türkiyə-Livan əlaqələri haqqında deyib: "Münasibətlərimiz iki ölkənin tarixinə layiq şəkildə daha da inkişaf etdiriləcəkdir. Yaşasın Livan-Türkiyə dostluğu!"
Qeyd edək ki, İsrailin Livana qarşı hücumlarının başladığı 2026-cı ilin mart ayının 2-dən bu yana 4 mindən çox livanlı həlak olub. 2 mindən çox insan yaralanıb, 1 milyon nəfər isə evini və yurdunu tərk etmək məcburiyyətində qalıb.




















