Böyük Britaniya Kralı III Çarlz Kembric Mərkəzi Məscidini ziyarət edib. O, məscidin idarə heyəti, imamları və icma nümayəndələri ilə görüşərək Kembricdə yaşayan müsəlman və türk icmalarının cəmiyyətə töhfələridən bəhs edib.
Avropanın ilk ekoloji cəhətdən təmiz (yaşıl) məscidi kimi tanınan və Türkiyənin böyük dəstəyi ilə ərsəyə gələn Kembric Mərkəzi Məscidi 2019-cu ildə istifadəyə verilib. Kral III Çarlzın iyulun 20-da reallaşan ziyarəti dünyada artan islamofobiya və ayrı-seçkilik fonunda dinlərarası dialoq baxımından əlamətdar addım kimi qiymətləndirilir.
Məscidi gəzən Kral III Çarlz Britaniyadakı dini müxtəliflik təşəbbüslərini dəstəkləmək məqsədilə təşkil olunmuş ziyarəti çərçivəsində rəsmilərdən kompleks haqqında ətraflı məlumat alıb.
Görüşdə Türkiyənin Londondakı səfiri Osman Koray Ərtaş, Kembric Məscidi Vəqfi İdarə Heyətinin üzvləri Zeynep Coşkun Koç və Səlim Arqun, 19 yaşında İslamı qəbul etmiş britaniyalı tədqiqatçı-yazıçı Əbdülhakim Murad və digər rəsmi qonaqlar iştirak ediblər.
İslam memarlığı və Kembric incəsənəti bir araya gəlib
Ziyarətdən sonra "Anadolu" agentliyinə müsahibə verən Kembric Məscidi Vəqfi İdarə Heyətinin üzvü Zeynep Coşkun Koç bu ziyarətin həm məscid, həm də yerli icma üçün tarixi əhəmiyyət daşıdığını bildirib.
Məscidin inşasında Türkiyənin həlledici rol oynadığını vurğulayan Koç qeyd edib:
"Bu layihənin dəyərini və icmaya nə bəxş edəcəyini anlayaraq bizə ən böyük dəstəyi göstərən Türkiyə Diyanət Vəqfi oldu. Onlar ilk gündən yanımızda yer aldılar".
Koç, həmçinin layihənin əsas təşəbbüskarı kimi Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın rolu barədə deyib:
"Cənab Prezidentimiz layihənin hər bir detalı ilə şəxsən maraqlanıb və tikinti prosesini yaxından izləyib. İnşaat başa çatdıqdan sonra, 2019-cu ildə məscidin açılışı da məhz cənab Prezidentin iştirakı ilə baş tutmuşdu".
















