ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 1,96 milyard dollar dəyərində silah satışını və Küveyt üçün 484 milyon dollarlıq ayrıca texniki xidmət dəstək paketini təsdiqlədiyini açıqlayıb.
Səudiyyə Ərəbistanına reallaşdırılması təklif olunan satışa 10 min ədədədək Təkmilləşdirilmiş Dəqiq Məhv Silah Sistemi (APKWS-II) hava-hava idarəetmə modulu və 10 min ədədədək APKWS-II hava-yer idarəetmə modulu daxildir.
Dövlət Departamentinin məlumatına görə, bu paketə həmçinin buraxıcı qurğular, döyüş başlıqları, raket mühərrikləri, partladıcılar, ehtiyat və təmir hissələri, texniki sənədləşdirmə, təlim avadanlıqları və logistik dəstək xidmətləri də daxildir.
Səudiyyə Ərəbistanına ediləcək satışın əsas podratçısı Nyu-Hempşir ştatının Naşua şəhərində yerləşən "BAE Systems" şirkəti olacaq.
ABŞ Dövlət Departamentinin bəyanatında, “Hazırkı mərhələdə ABŞ hökuməti bu satışla bağlı təklif olunan hər hansı ofset (sənaye iştirakı/kompensasiya sazişi) barədə məlumata sahib deyil. Hər hansı ofset sazişi alıcı ilə podratçı arasında aparılacaq danışıqlarda müəyyənləşdiriləcək”, -ifadələrinə yer alıb.
Küveytə reallaşdırılan satış
Vaşinqton həmçinin Küveytə C-17 nəqliyyat təyyarələrinin texniki xidməti və saxlanması ilə bağlı avadanlıqları əhatə edən 484 milyon dollarlıq Xarici Hərbi Satış (Foreign Military Sale/FMS) paketini də təsdiqləyib.
ABŞ Dövlət Departamentinin bəyanatında “Təklif olunan bu satış Yaxın Şərqdə siyasi sabitlik və iqtisadi tərəqqi baxımından mühüm güc olan, lakin NATO üzvü olmayan əsas müttəfiqlərdən birinin təhlükəsizliyini gücləndirməklə ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik hədəflərini dəstəkləyəcək”, -deyə qeyd olunub.
Küveytə yönəlmiş paketə təyyarə komponentləri, hissə və ləvazimatlar, modifikasiya və dəstək avadanlıqları, ehtiyat və təmir hissələri, yerüstü xidmət avadanlıqları, rabitə avadanlıqları, proqram təminatı dəstəyi, texniki sənədləşdirmə, habelə təlim və logistika xidmətləri daxildir.
Bəyanatda həmçinin, “Təklif olunan bu satışın reallaşdırılması ABŞ hökuməti və ya podratçı şirkətlərin Küveytə əlavə heyət ezam etməsini tələb etməyəcək. Sözügedən satışın ABŞ-ın müdafiə hazırlığı səviyyəsinə heç bir mənfi təsiri olmayacaq”, - ifadələri işlədilib.



















