Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna tərəfinin böhranı sülh yolu ilə həll etmək istəmədiyini bildirib. Rusiyanın öz məqsədlərinə danışıqlar yolu ilə çatmağa hazır olduğunu vurğulayan Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin də bu mövqedə olduğunu qeyd edib.
Kiyevin sülh prosesində maraqlı olmadığını irəli sürən sözçü deyib: "Ukrayna tərəfi böhranı sülh yolu ilə həll etmək istəmədiyi üçün biz də xüsusi hərbi əməliyyatı davam etdirir və təhlükəsizlik zonasını genişləndiririk".
O, həmçinin Ukrayna ordusunun Rusiyanın nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasına (AES) hücumlarını intensivləşdirdiyini və bunun son dərəcə təhlükəli olduğunu bildirib.
Dmitri Peskov məsələ ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə görüşdüklərini qeyd edib. ABŞ ilə əlaqələrin davam etdiyini deyən D. Peskov Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında hələlik telefon danışığının baş tutmadığını diqqətə çatdırıb.
Türkiyə mətbuatının Ankaranın ABŞ sanksiyalarından yayınmaq üçün "S-400" sistemlərini üçüncü tərəfə satmaq istəməsi barədə yaydığı iddialara toxunan Dmitri Peskov bunun çox həssas mövzu olduğunu və bu istiqamətdə Türkiyə ilə təmasların davam etdiriləcəyini bildirib.

















