DÜNYA
2 dəqiqə oxuma
Rusiya: Kiyevin mövqeyi böhranın sülh yolu ilə həlli ehtimalını zəiflədir
Dmitri Peskov Kiyevin mövqeyinin Ukrayna böhranının sülh yolu ilə tənzimlənməsi imkanlarını zəiflətdiyini bəyan edib
Rusiya: Kiyevin mövqeyi böhranın sülh yolu ilə həlli ehtimalını zəiflədir
(ARXİV) Peskov: "Kiyevin mövqeyi böhranın sülh yolu ilə həll edilməsi ehtimalını zəiflədir".

Dmitri Peskov Kiyevin mövqeyinin Ukrayna böhranının sülh yolu ilə tənzimlənməsi imkanlarını zəiflətdiyini bəyan edib.

D.Peskov əlavə edib: "Cəbhədəki vəziyyət aydındır. Xüsusi hərbi əməliyyat davam edir".

D.Peskov bu fikirləri Moskvada jurnalistlər üçün keçirilən gündəlik brifinqdə səsləndirib.

Ukrayna böhranının həlli prosesinə toxunan Kremlin nümayəndəsi vurğulayıb: "Hazırda Kiyevin sərgilədiyi mövqeyə görə sülh tənzimlənməsi ilə bağlı nikbin olmaq üçün heç bir əsas yoxdur. Cəbhədəki vəziyyət göz qabağındadır. Xüsusi hərbi əməliyyat davam edir".

Peskov bəzi ölkələrin Ukraynaya dəstək verməkdən yorulmasını qeyd etməklə yanaşı bildirib: "Lakin bunu şişirtmək düzgün olmazdı. Avropada münaqişədəki iştirakını daha da artıran ölkələr var. Məsələn, Böyük Britaniya. Bu dövlətlər digər Avropa ölkələrini müharibəni davam etdirməyə təşviq edirlər".

Böhranın həllinə töhfə verməyə çalışan ölkələrə minnətdarlığını bildirən D.Peskov, belə dövlətlərin sayının az olduğunu təəssüflə qeyd edib.

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff və kürəkəni Cared Kuşnerin Rusiyaya ehtimal olunan səfəri ilə bağlı sualı cavablandıran mətbuat katibi deyib: "Bu barədə dəqiq məlumat və ya müəyyənləşdirilmiş tarix yoxdur. Bildiyimiz qədərilə, amerikalı nümayəndələr ABŞ xarici siyasətinin digər istiqamətləri üzrə fəaliyyətlərini davam etdirirlər".

Mətbuat katibi, həmçinin Rusiya Prezidenti Vladimir Putinin Sankt-Peterburqda konsert verməsi planlaşdırılan dünyaca məşhur amerikalı reper Kanye Uest (Kanye West) ilə görüşmək niyyətində olmadığını diqqətə çatdırıb.

Xatırladaq ki, Rusiya və Ukrayna 2022-ci ilin fevral ayından bəri müharibə vəziyyətindədirlər.